Avropa Komissiyası bu həftə Rusiyadan fosil (kömür, qaz, neft) yanacağının idxalına son qoyulması ilə bağlı yeni tədbirlər paketini təqdim etməyə hazırlaşır. Lakin Komissiya uran məhsullarından imtina planlarını təxirə salmaq qərarına gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Avropa İttifaqı rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Aİ nazirləri bazar ertəsi keçiriləcək görüşdə nüvə sektoruna yatırımlar məsələsini müzakirə edəcəklər.
Avropa Komissiyasının məqsədi ondan ibarətdir ki, 2030-cu illərə qədər Avropanın nüvə sənayesi Rusiya məhsullarından tamamilə azad olsun. Lakin bu məqsədə çatmaq üçün böyük maliyyə sərmayəsi tələb olunur.
Komissiyanın hesablamalarına görə, Aİ-də müstəqil nüvə təchizat zəncirinin yaradılması üçün 241 milyard avro məbləğində investisiyaya ehtiyac var.