AZ

"Ukrayna tək qaldı: ABŞ dəstəkdən imtina etdi, Avropa isə sadəcə vəd verir" - "The Telegraph"

 
"Müttəfiqlər arasında parçalanma və silah çatışmazlığı Kiyevi çətin seçim qarşısında qoyur..."
 
Ukrayna üçün ən ağır və acı reallıq artıq özünü göstərməkdədir: Kiyev özünün ən güclü və varlı müttəfiqini - ABŞ-ı itirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
 
Nəşr yazır ki, ABŞ administrasiyası Ukraynaya hərbi yardımın azaldılmasını rəsmən təsdiqləyib və bu, faktiki olaraq Ukraynanın "taleyin ümidinə buraxılması" anlamına gəlir.
 
 
ABŞ artıq Ukraynanı prioritet saymır
 
ABŞ müdafiə naziri Pit Heqset bu həftə Konqresdəki dinləmələrdə Tramp administrasiyasının Ukraynaya yardımı kəskin şəkildə azaltmaq niyyətini açıq şəkildə bəyan edib. "Rusiya ilə mübarizə artıq Avropanın problemidir", - o, vurğulayıb. Müharibənin əvvəlindən bəri ABŞ Ukraynaya 74 milyard dollardan çox dəyərində hərbi yardım edib. Bu yardımlara "Patriot" zenit-raket kompleksləri, ATACMS ballistik raketləri və HIMARS reaktiv artilleriya sistemləri də daxildir.
 
Amma indi bu yardımlar azalır və ABŞ prioritetlərini Yaxın Şərqə yönəldir. "The Wall Street Journal" yazır ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulan bir sıra hava hücumundan müdafiə sistemlərini və raketləri ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki ehtiyaclarına yönləndirib. Prezident Zelenski isə bu qərarlardan açıq narazılığını bildirərək bildirib ki, Ukrayna üçün nəzərdə tutulmuş 20 min raketin başqa cəbhəyə göndərilməsi ölkəsinin taleyinə təsir edir.
 
Avropa çox danışır, az edir
 
Nəşr qeyd edir ki, Avropa ölkələri Ukraynaya yardım mövzusunda daha çox vədlər verir, real dəstək isə ciddi şəkildə gecikir. Avropanın ən yaxşı bacardığı şey Ukraynanın özündə silah istehsalını maliyyələşdirməkdir. Məsələn, Ukrayna aylıq 20 ədəd "Boqdan" haubitsası istehsal edir ki, bu da Fransa istehsalı olan "Sezar" toplarının sayını üstələyir. Dron istehsalında isə Ukrayna tərəfdaşlarını böyük fərqlə qabaqlayır.
 
Lakin bu uğurlar belə ümumi mənzərəni dəyişmir. Ukraynanın silah ehtiyatları hələ də kritik səviyyədədir. Ən acı istehza isə budur ki, Kreml öz hərbi büdcəsinin əhəmiyyətli hissəsini məhz Avropanın ödədiyi enerji pulları hesabına formalaşdırır. Nəşr yazır ki, təkcə 2025-ci ildə Avropa ölkələri Rusiyadan neft, qaz, kömür və uran almaq üçün 20 milyard avrodan çox vəsait xərcləyəcək.
 
Ukrayna üç yolla qarşı-qarşıyadır
 
Mövcud durumda Ukraynanın qarşısında üç əsas yol var: Avropadan daha çox dəstək almağa çalışmaq; Vaşinqtonla yeni silah razılaşmaları əldə etmək; öz müdafiə sənayesini sürətlə inkişaf etdirmək. Bu üç yoldan heç biri asan deyil. ABŞ-ın prioritet dəyişməsi və Avropanın ləngliyi fonunda Ukraynanın ayıq və sərt qərarlar vermək məcburiyyəti yaranır. Hərbi mütəxəssislər isə bildirir ki, yaxın aylarda Ukraynanın döyüş meydanında özünü necə aparacağı bu seçimlərə birbaşa bağlı olacaq.
 
Bütün bunların fonunda rusiyalı hərbi cani İqor Girkinin Sumi vilayətində "bufer zona" yaradılması planına qarşı çıxması da diqqət çəkir. O, hesab edir ki, bu, Rusiyanın əsas məqsədindən - Ukraynanın tam məhvindən yayındırıcı addımdır. Müharibənin bu mərhələsində Ukraynanın təkcə cəbhədə deyil, həm də diplomatik müstəvidə çətin və tənhalaşmış vəziyyətə düşməsi reallıqdır. Kiyevin döyüşü artıq yalnız səngərlərdə deyil, silah zavodlarında, diplomatik kabinetlərdə və beynəlxalq müzakirə masalarında gedir.
Seçilən
5
moderator.az

1Mənbələr