AZ

MAQATE-dən İran açıqlaması: Əməkdaşlıq...

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) Baş direktoru Rafael Qrossi İdarə Heyətinin fövqəladə sessiyasında İranın nüvə obyektlərinin son durumu ilə bağlı bəyanatla çıxış edib.

"Cebheinfo.az" xəbər verir ki, Qrossi İsrailin son hücumlarına baxmayaraq, Fordodakı yanacaq zənginləşdirmə zavodu və tikilməkdə olan Xondab ağır su reaktoru zərər görmədiyini bildirib. Həmçinin Buşehr atom elektrik stansiyası və Tehran tədqiqat reaktoruna da heç bir ziyan dəyməyib.

Lakin 13 iyunda keçirilən hücum nəticəsində İsfahan nüvə obyektində yerləşən dörd bina zədələnib. 

Zədələnən obyektlərə mərkəzi kimya laboratoriyası, uranın çevrilməsi zavodu, Tehran reaktoruna yanacaq istehsalı müəssisəsi və UF4-ün metala çevrilməsi üzrə tikilməkdə olan zavod daxildir.

MAQATE rəhbəri vurğulayıb ki, Natanzda olduğu kimi, İsfahan obyektinin hüdudlarından kənarda radiasiya səviyyəsi sabit qalır və heç bir dəyişiklik müşahidə olunmayıb.Qrossi İran rəsmiləri ilə informasiya mübadiləsinin və əməkdaşlığın davam etdirildiyini qeyd edib:

“Bu mürəkkəb və qeyri-müəyyən şəraitdə MAQATE-nin obyektlər barədə vaxtında və davamlı texniki məlumat alması mühüm əhəmiyyət kəsb edir. Bu, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması və hər hansı fövqəladə vəziyyətdə effektiv cavab və yardım üçün vacibdir”.

Baş direktor həmçinin bildirib ki, MAQATE İranda fəaliyyətini davam etdirəcək:

“Təhlükəsizlik şəraiti imkan verən kimi, zəmanətlər üzrə yoxlamalar bərpa olunacaq. Mən hazırda İranda olan inspektorlarla birbaşa əlaqədəyəm. Onların təhlükəsizliyi bizim əsas prioritetimizdir və bütün zəruri tədbirlər görülür”.

Qeyd edək ki, İranın nüvə obyektlərinə edilən son hücumları Tehran beynəlxalq hüququn pozulması kimi qiymətləndirir.MAQATE isə bölgədəki vəziyyəti yaxından izlədiyini və obyektlərə nəzarətin davam etdiyini açıqlayıb.

Seçilən
2
cebheinfo.az

1Mənbələr