“Müharibənin əsas səbəbi İranın nüvə silahına sahib olmaq cəhdləridir. Bu səbəb aradan qaldırıldıqda savaş başa çatacaq”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında israilli politoloq, siyasi elmlər namizədi, "Aziznews.com" saytının redaktoru Yuri Boçarov deyib.
MÖVZU İLƏ BAĞLI:
İranın raket hücumuna məruz qalan Hayfada SON DURUM – EKSKLÜZİV VİDEO
İsrail-İran müharibəsi, savaşın başa çatması üçün şərtlər barədə danışan Boçarov, münaqişənin bir neçə gün də davam edəcəyini bildirib:
“İsrail dəfələrlə bəyan edib ki, uzunmüddətli qarşıdurma istəmir, lakin İranın nüvə bombasına sahib olmasına yol verə bilməz. Bu, təkcə İsrail üçün deyil, bütün bölgə sabitliyi üçün təhlükə yaradır. İslam Respublikasının rəhbərliyi hərbi nüvə proqramından imtina etməyib və bunu konkret addımlarla sübut etmədiyi müddətcə, təəssüf ki, döyüş əməliyyatları davam edəcək”.
Yuri Boçarov həmçinin bildirib ki, iki ölkə arasında Azərbaycanın vasitəçiliyi İsrail tərəfindən dəstəklənə bilər:
“Gərginliyin azaldılmasına yönəlmiş istənilən təşəbbüs həmişə hörmətlə qarşılanır. İsrail Azərbaycanla dost münasibətləri yüksək qiymətləndirir və xüsusilə məsuliyyətli və hörmətli tərəfdaşların iştirakı ilə dialoqa hər zaman açıqdır. Azərbaycan həm İsrail, həm də bölgə ölkələri ilə sabit əlaqələrə malik, beynəlxalq nüfuza sahib bir dövlət olaraq nəzəri baxımdan mümkün vasitəçilik səylərində mühüm rol oynaya bilər.
Lakin "vasitəçi ola bilər"lə "vasitəçilik edəcək" arasında ciddi bir fərq var və bu, bir çox amildən – o cümlədən İranın davranışından, böyük güclərin mövqeyindən və tərəflərin dialoqa hazır olub-olmamasından asılıdır. İsrail bu imkanı istisna etmir”, - deyə Boçarov bildirib.
Bəs ABŞ müharibəyə qoşula bilərmi?
“Hazırda Birləşmiş Ştatlar İsrailə diplomatik və mənəvi dəstək göstərməklə kifayətlənir. Prezident Tramp vurğulayıb ki, ABŞ hərbi əməliyyatlarda iştirak etmir.
Eyni zamanda İran ABŞ-ın müdaxilə ehtimalından narahat olduğunu bildirir və hətta Amerika bazalarına zərbələr endirməklə hədələyir. Lakin əksər analitiklərin fikrincə, bu cür təhdidlər daha çox siyasi ritorikadır – çünki İranın ABŞ-a qarşı ciddi hücumlar həyata keçirmək üçün real resursları məhduddur.
Vaşinqton bölgədə müdafiə qabiliyyətini, o cümlədən raket əleyhinə müdafiə sistemlərini əvvəlcədən gücləndirib. Bununla belə, ABŞ-ın birbaşa hərbi müdaxiləsi ehtimalı azdır. Yalnız İran düşünülməmiş addımlar atarsa və bu, vəziyyətin kəskinləşməsinə səbəb olarsa, sözügedən ehtimal arta bilər”, - deyə Y.Boçarov əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media