AZ

AEBA İran-İsrail qarşıdurmasında tərəfləri təmkin nümayiş etdirməyə çağırıb

Vyana, 16 iyun, AZƏRTAC

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru Rafael Mariano Qrossi qurumun İdarə Heyətinə təqdim etdiyi son bəyanatında İranda yerləşən nüvə obyektlərinə edilən hücumlardan sonra yaranmış vəziyyətlə bağlı ciddi narahatlığını ifadə edib.

AZƏRTAC beynəlxalq quruma istinadla bildirir ki, baş direktor Natanz nüvə kompleksində cümə günü baş vermiş hücum nəticəsində obyektin yerüstü hissəsində böyük dağıntılar qeydə alındığını söyləyib. Qeyd edilib ki, enerji infrastrukturu sıradan çıxarılıb və kompleksin daxilində həm kimyəvi, həm də radioloji çirklənmə mövcuddur. Lakin obyektin xaricində radiasiya səviyyəsi normal olaraq qalır və ətraf mühitə və əhaliyə təsir müşahidə olunmayıb.

AEBA İsfahan nüvə obyektində dörd binanın zədələndiyini təsdiqləyib, lakin Fordo, Buşehr və Tehran tədqiqat reaktorlarında hər hansı bir zərər qeydə alınmayıb. Qrossi inspektorların təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib və agentliyin İranda fəaliyyətini davam etdirməyə tam hazır olduğunu bildirib: “Biz hərbi eskalasiyanın qarşısını almaq, diplomatik həll yollarını təşviq etmək və nüvə təhlükəsizliyini təmin etmək üçün bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırırıq.”

AEBA rəhbəri həmçinin bildirib ki, agentlik diplomatik səyləri dəstəkləməyə və İranla bağlı texniki dialoqu asanlaşdırmağa tam hazırdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Seçilən
11
2
azertag.az

3Mənbələr