AZ

Əmir Hüseynov: "Heydər Əliyev məni Ramil Usubova tapşırdı" MÜSAHİBƏ - II HİSSƏ

Azərbaycan xalqının Milli Qurtuluş Günü 1997-ci ildən qeyd olunur. Milli Qurtuluş Günü 1993-cü ilin 15 iyununda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsini ifadə edir. Heydər Əliyevin təyyarə trapında göründüyü anı kameranın və tarixin yaddaşına həkk edən bir foto var. Bu fotoda Ulu öndər arxasında duran şəxs isə onun mühafizəçisi Əmir Hüseynovdur. Hadisələrin üzərindən 32 il keçsə də, o indiyədək mətbuata müsahibə verməyib.

“Teleqraf” İnformasiya Agentliyinin əməkdaşları Əmir Hüseynovla görüşüb, söhbətləşiblər. Onunla müsahibənin ikinci və son hissəsini təqdim edirik.

Birinci hissə

-Naxçıvana, Heydər Əliyevin yanına kimlər gəlirdi?

- Çox adam gəlirdi. Rəsul Quliyev də gəlmişdi. Onda zavodda direktor idi. Vəziyyət kritik idi. Moskva Bakıda böyük oyunlar aparırdı. Bir xatirə də danışmaq istəyirəm.

-Buyurun...

-Bunu da deyim, bir dəfə Heydər Əliyev yenə xəstələnmişdi. Qrip idi, öskürürdü. Dedim bəlkə sizə doşab gətirim? Rəhmətlik atam həyətimizdə tut ağacları əkmişdi. Anam da həmişə doşab qaynadırdı. Dedi, gətir. Anam bir litrlik bankada doşab qoydu. Gətirdim. Səhər yeməyi yeyirdi. Hamamda duş alırdı, bir az idman edib, gəlirdi səhər yeməyinə. Nə isə. Gəldi yeməyə. Dedim doşab gətirmişəm. Dedi ki, ondan bir qaşıq qoy ağzına. Götürdüm, bir qaşıq yedim. Sonra dedi ver mənə. Bir qaşıq götürdü, dadına baxdı. Dedi, yaxşıdı.

-Bəs niyə sizə dedi ki, əvvəlcə sən ye?

- Hər şeyi birinci mən yoxlamalıydım. O çox ehtiyatlı adam idi. Kimdənsə nəsə gəlirdisə mən bilirdim ki, bu, yoxlamaya getməlidir ya yox. Həə, baxdı dadına, dedi qoyun ora. Dəyməsinlər buna.

Bunu da deyim. Bir dəfə Moskvada həkimə getdi. Bizi içəri buraxmamışdılar. Həkim ona deyib ki, sizin xəstəliyinizdən ürəyinizdə zərrəcə əlamət qalmayıb. İnfarkt keçirmişdi axı. Həkim soruşub ki, siz kim müalicə edib? Heydər Əliyev də deyib ki, məni Naxçıvan xalqı, Naxçıvanın nemətləri, havası müalicə edib. Həkim də deyib ki, Naxçıvandan heç yerə getməyin. Oranın havası sizə düşür.

Təkrarsız xarakterli, möhkəm iradəli insan idi

-Yeri gəlmişkən, Heydər Əliyevin yeməyi necə idi? Nəyi sevirdi?

- Yemək yeyəndə çox təmkinli idi. Səbirlə, səliqə ilə yeyirdi. Biz beş dəqiqəyə əlimizə keçəni yeyib dururduq. Amma o asta-asta, səbirlə yeyirdi. Səhər yeməyini yarım saata bitirirdi. Günorta yemək yemirdi. Bir də axşam... Axşam yeməyini 8-in yarısı, “Günün ekranı”na baxa-baxa yeyirdi. Yeməkdən sonra da bir turşməzə almanı soyub yeyirdi.

Ət yeməklərini heç sevməzdi. Bilirsiniz, şəkəri vardı. Daim çay, su istəyirdi ürəyi. Stəkanı qaldırıb dodaqlarına yaxınlaşdırırdı. Susuzluğunu bu cür öldürürdü. Düşünə bilirsiniz? Adam özü-özünü müalicə edirdi. Bu, nə boyda güc, iradə tələb edir. O adamın xarakteri, duruşu, baxışı – hər şeyi təkrarsız idi. Bu yaşıma qədər ikinci elə bir şəxsiyyət görməmişəm.

Yeməyi yeyən kimi dururdu ki, getdik işə. Birdən olurdu ki, mən acanda əlüstü nəsə yeyirdim. Sonra soruşurdu ki, niyə yemək yemirsən? Deyirdim ki, bayaq yüngülvarı yemişəm. Deyirdi ki, belə olmaz. Mütləq yemək yeməlisən. Bütün gün yanımdasan, qəfildən bir iş çıxır gedirik. Saatlarla ayaq üstdə dayanırsan. Yemək yeməlisən ki, gücün olsun.

-Sizə heç əsəbləşmişdi?

-Bir dəfə Fəxri Xiyabanda Fikrət Əmirovun məzarını ziyarət edirdik. Fevral ayı idi. Qar yağmışdı. Mərmərin üstü buz bağlamışdı. Mərmər yerdən 60-70 santimetr hündürlükdə. Mən gülü verirdim, o məzarın üstünə qoymalı idi. Heydər Əliyev yuxarı qalxmaq istəyəndə əlimi atdım qoluna ki, birdən ayağı sürüşər. Mənə sərt şəkildə “qolunu çək” dedi. Camaat vardı, jurnalistlər vardı. Pərt oldum. Heç nə deyə bilmədim orada. Gəldik evə. Dedim ki, bayaq mənə niyə elə reaksiya verdiniz? Cavab verdi ki, bala, sən məni istədiyindən edirsən, amma orada şərəfsizlər var, deyəcəklər ki, Heydər Əliyev qalxa bilmirdi, qolundan tutub qaldırdılar. Təsəvvür edirsiniz o an nələri düşünüb? Dedi, çəkiliş vardı, çəkib o kadrı qoyacaqdılar ki, Heydər Əliyevin qolundan tutub qaldırırlar. Görürsünüz? Təsəvvür edə bilirsiniz ki, o adam nələri düşünüb, hesablaya bilirdi?

Heydər Əliyev Elçibəyə getmə demişdi

-Bakıya gəlməyinizi, o məşhur fotonun tarixini unutmayaq...

- Bakıya gələndə Heydər Əliyev dedi ki, mühafizəni kim təşkil edəcək? Çünki mən tək idim, bir də İlqar adlı bir oğlan vardı. İdmançı idi. 1992-ci ildə mən Bakıda əməliyyata gələndə onu götürmüşdüm. Biz gələndə aeroportda Naxçıvan polis rəisi Sahib Mirzəyevlə, müavini Şahmar Paşayev xahiş etdilər ki, iki nəfəri özünüzlə aparın. Biri Müşfiq Mədətov idi, o biri Adil Sadiqov. Onları da özümüzlə gətirdik. Bunlardan əlavə 10 Naxçıvan OMON-çusu da bizimlə idi. Bakıya gələndə aeroportda bizi OMON qarşılayıb. Sonra iqamətgahda Elçibəylə görüş olub. Heydər Əliyev ona demişdi ki, getmə. Elçibəy də demişdi ki, vətəndaş müharibəsindən qorxuram. Heydər Əliyev deyib ki, “getmə, heç nə baş verməyəcək, qorxma”. Elçibəyi qorxutdular. Ətrafı onun “başını yedi”.


-Siz Bakıda da Heydər Əliyevin mühafizəçisi oldunuz?

- Hə. 1993-cü ilin iyunun 9-u Bakıya gəlmişik, 1994-cü ilin avqustuna qədər onun yanında olmuşam.

-Bəs niyə işdən ayrıldınız?

- Səbəbləri detallı şəkildə danışmaq istəmirəm. Bəzi şeyləri, bəzi insanları qəbul etmirdim. Ona görə də işləyə bilmədim. Heydər Əliyevə bu barədə məlumat verdim. Mən onun yanından çıxanda Heydər Əliyev Ramil Usubovu çağırdı. Ramil müəllim də Naxçıvandan Bakıya təzə gəlmişdi. Çağırdı onu otağa. İçəridə danışıblar. Heydər Əliyev Ramil Usubovdan soruşub ki, “Sən bu oğlanı tanıyırsan?” o da cavab verir ki, “Tanıyıram, sizin mühafizəçinizdir”. Heydər Əliyev deyib ki, “Bu oğlan mənim mühafizəçim yox, fədaimdir. Bu oğlan çıxıb gedir, qalmır burda. Buna bir iş ver”. Ramil Usubov da deyir ki, mənim gözüm üstdə.

Ramil Usubov çıxdı, sonra onunla ikilikdə söhbət etdik. Mənim o vaxt ali təhsilim yox idi. Kasıb ailədən çıxmışdım. Ali təhsil almağa marağım olmamışdı. İnşaatda oxumaq istəyirdim, sənədlərimi vermişdim amma dalınca getməmişdim. Getmişdim əsgərliyə, gələndən sonra da dərzilik edirdim. Ramil Usubov sağ olsun, mənə çox iş təklif etdi. Dedi, gəl akademiyaya göndərim, təhsilin, sənədin olsun. Mən istəmədim. Məni Bakı aeroportuna göndərdilər, orda əməliyyatçı işləməyə başladım.

-Niyə istəmirdiniz?

- Vəzifəni sevmirdim. Atam da sadə insan olub. Nəslimdə vəzifəli şəxs olmayıb. Nəyimə lazım idi? Mən millətimə vurğun olmuşam. Ayağımdan ayaqqabını çıxarıb ehtiyacı olana vermişəm. Mən necə rəis işləyə bilərdim?

-Getdiniz aeroporta?

- Hə. 2002-ci ilə qədər də orada işlədim. Oradan da təqaüdə çıxdım. Daha sonra dəmiryolunda əməliyyatçı işləmişəm. Biləcəridə, 28 Mayda. Sonra Sabunçuya stansiyasında... Ordan təqaüdə çıxanda dedilər, gəl, “zvanya” verək. Onda artıq ali təhsilim də vardı. Leninqradın Kooperasiya Universitetini bitirmişdim. Dedim, istəmirəm. Təqaüd yaşına çatmışdım artıq. Dedim bu vaxtdan sonra vəzifə lazım deyil. Vaxtında niyə vermirdiniz?

-Siz işdən ayrılandan sonra Heydər Əliyevlə görüşmüşdünüz?

- Heydər Əliyev səfərə gedib-gələndə hava limanında görüşürdük. Uzaqdan göz-gözə gəlirdik. Protokol vardı, mən ona yaxınlaşa bilməzdim. Amma biz elə uzaqdan bir-birimizə baxıb nə demək istədiyimizi anlayırdıq.

Dedilər, Heydər Əliyev rəhmətə gedib...

-Bəs Heydər Əliyevin ölüm xəbərini necə aldınız? O anları xatırlayırsınız?

- Toydaydım (bunu deyən kimi gözləri dolur) Sağlıq deyirdim, əlimdə də badə... Telefona zəng gəldi. Açdım. Bir əlimdə badə, birində telefon. Prezidentin mühafizəçisi idi, Səftər. Dedi, Heydər Əliyev rəhmətə getdi. Telefon da, qədəh də əlimdən düşdü. Müvazinətimi itirdim. Yıxılırdım, qolumdan yapışdılar, bayıra çıxartdılar. Yığışdılar başıma ki, nə olub? Elə bildilər Naxçıvandan nəsə pis xəbər almışam, anama nəsə olub. Dedim, Heydər Əliyev rəhmətə gedib. Toyu dayandırdılar. Bir az özümü ələ alıb zəng etdim, dedilər ki, gəlirik.

-Saat neçə idi, təxminən?

- Axşam on. On birə işləmiş.

-Rəsmi elan edilməmişdən əvvəl...

- Hə. Mənə xəbər etmişdilər. Mənim Heydər Əliyevə vurğunluğu, sevgimi, sədaqətimi hamı bilirdi. Mən ona çox yaxın olmuşam. Nə sözü olsa, əvvəl mənə deyərdi. Söhbət söhbəti açır, 1994-cü il qayınatam rəhmətə getmişdi, gəldim dedim ki, bəs yasımız düşüb, Sumqayıta getməliyəm. Soruşdu ki, ünvan haradı? Dedim dəqiq bilmirdim, dedi, öyrən de. Öyrənib dedim, mənzilin nömrəsini. Niyə bunlar zehnimdən silinmir? Heydər Əliyev deyərdi ki, bir şeyi iki dəfə zehnində təkrarlasan, əsla yadından çıxmaz. Nə isə. Dedi get, amma çox qalma. Dedim, dəfn edib qayıdıram. Getdim Sumqayıta çatanda gördüm ki, icra hakimi, polis rəisi, KQB rəisi, hamısı həyətdədir. Heydər Əliyev tapşırıb ki, görün nə çatışmır, təşkil edin. Sözümü adamın diqqətinə gətirirəm. O, hər şeyə diqqət edərdi, gözündən heç nə qaçmazdı.

Surətin dəstələri Nəvaidə yolumuzu kəsdi

-Heydər Əliyev Gəncəyə gedəndə siz də onu müşayiət edirdiniz?

- Bəli, getmişəm. Ali Sovetin “Mersedes”ini verdilər. Maşında mən idim, Rəsul Quliyev, bir də Heydər Əliyev. Mən oturmuşdum qabaqda, sürücünün yanında. Surətin dəstələri BTR, tanklarla Navahidə yolu kəsmişdilər. Maşını saxladıq, düşdüm dedim ki, Heydər Əliyevdi. Dedilər, biz görmürük, görək, sonra gedin. Gəldim dedim ki, belə deyirlər Qapını açdım, Heydər Əliyev düşdü. Dedilər, yolu açın, getsin. Getdik, çatdıq. Rəsul Quliyevin Gəncədəki mühafizəçiləri gəlib bizə qoşuldular. Mən idim, Müşfiq idi, Azər idi. Dedilər ki, Heydər Əliyevdən başqa heç kim girməyəcək içəri. Heydər Əliyevlə ancaq Mahmud Məmmədquliyevi buraxdılar içəri. Mahmud onun yanında olanda mən arxayın olurdum.

-Vətəndaş müharibəsi olsa, dövləti dağıdacaqlar

-Bu səfərdə başqa hansı maraqlı hadisəyə şahidlik etdiniz?

- Biz ordan çıxdıq, Qazax yolu ilə, Navahidən keçib gəlməliydik. Amma Heydər Əliyev dedi ki, yolu dəyişirik. Girdik Göyçay yoluna, ordan da Ağsu ilə Şamaxıya çıxdıq. Surətin dəstəsindən üç maşın arxamızca gəlirdi. Düzdür, bizə çata bilmirdilər. O maşınlardan biri Göyçay dairəsində aşdı. Heydər Əliyev maşınımızı saxlatdı ki, düşün baxın. Ölən, xəsarət alanlar varsa, kömək edin. Düşdük, baxdıq, gördük heç nə yoxdu. Mindik gəldik.

Oğluma şər atıblar

- Müsahibəyə görə sizə təşəkkür edirik. Başqa demək istədiyiniz bir məsələ var idimi?

-Oğlumun məsələsi ilə bağlı danışmaq istəyirdim. Oğlum Elnur Hüseynov Azərbaycanın Özbəkistandakı səfirliyində konsul işləyirdi. Ancaq onu qanunsuz şəkildə işdən azad ediblər. Guya, rüşvət alıb kimisə işə götürüb. Elmar Məmmədyarov elə işdən çıxarıldığı gün qol çəkmişdi əmrinə. Halbuki, mənim oğlumun heç kimi işə götürmək səlahiyyəti yoxdur. Nazirliyə müraciət edirik, deyirlər məhkəməyə ver, bizlik deyil. Mən bilirəm ki, heç bir məhkəmə dövlət qurumunun əleyhinə qərar çıxartmaz. Oğlumun günahı olsa mən hər cür cəzaya razıyam. Amma bilirəm ki, onun heç bir günahı yoxdur, onu şərləyiblər. Çox istərdim ki, bu məsələ həll edilsin.

Seçilən
11
teleqraf.com

1Mənbələr