AZ

Portuqaliyanın ikinci çempionluğu - İCMAL

İyunun 8-də UEFA Millətlər Liqasının (ML) 4-cü - 2024/25 mövsümünün final mərhələsinə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, Almaniyada təşkil edilən turnirdə əvvəlcə ev sahiblərinə qalib gələn Fransa yığması bürünc mükafatçı oldu. Finalda İspaniyanı üstələyən Portuqaliya isə ikinci çempionluğunu qazandı.

final
Portuqaliya – İspaniya 2:2 (1:2, 1:0, 0:0), p. - 5:3

Portuqaliya: Dioqo Koşta, Joao Neveş (Semedu, 46), Diaş, İnasio (Veyqa, 74), Mendeş, Silva (Leao, 74), Vitinya, Netu (Jota, 106), Fernandeş, Konseysao (Ruben Neveş, 46), Ronaldo (Ramuş, 88).
İspaniya: Simon, Minqesa (Porro, 92), Le Norman, Höysen, Kukurelya, Subimendi, Pedri (İsko, 74), Ruis (Merino, 74), Yamal (Pino, 106), Oyarsabal (Morata, 111), N.Uilyams (Baena, 92).
Qollar: Subimendi, 21 (0:1). Mendeş, 26 (1:1). Oyarsabal, 45 (1:2). Ronaldo, 61 (2:2).
Penalti seriyası: Ramuş – 1:0. Merino – 1:1. Vitinya – 2:1. Baena - 2:2. Fernandeş – 3:2. İsko – 3:3. Mendeş – 4:3. Morata – 4:3 (qapıçı). Ruben Neveş – 5:3.
Vərəqələr: İnasio, 19. Ruis, 33. Netu, 82. Le Norman, 90+1. Baena, 100. Mendeş, 100. Porro, 110 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
8 iyun. Münhen. 65852 tamaşaçı.

2019-cu ildə ML-in ilk çempionu olan Portuqaliya və iki il əvvəl azarkeşlərini sevindirən İspaniya 2-ci dəfə həlledici oyunda iştirak etdi. Bukmeker kontorları ötən il Avropa çemponatında qalib gələn İspaniya yığmasının qələbə şansını yüksək dəyərləndirmişdilər. Lakin Münhendə keçirilən matçın nəticəsi portuqalları sevindirdi.

Hərçənd ilk yarıda Luis de la Fuentenin çalışdırdığı komanda rəqibindən daha yaxşı təsir bağışladı. Belə üstün oyun isə “qırmızı qəzəb”in fasiləyə 2:1 hesablı üstünlüklə yollanmasını təmin etdi. Amma ikinci hissədə ispaniyalıların oyununda durğunluq hiss edilməyə başlandı. Ağır mövsümdən sonra onların rəqiblə müqayisədə daha çox yorulduqlarını sezmək olurdu. Əslində fasilədən sonra meydanda bərabər səviyyəli mübarizə yaşandı.

Portuqaliya hər necə olsa, Ronaldo ilə hesabı bərabərləşdirdi. 40 yaşlı hücumçu milli formada 138-ci, möhtəşəm karyerasında isə 938-ci qolunu vurdu. Əsas vaxtın qalan hissəsində daha yaxşı oynayan tərəf Portuqaliya oldu. Lakin hesab dəyişmədi, qaçılmaz olan 30 dəqiqəlik əlavə vaxtda da tarazlıq pozulmadı. Penalti seriyasında isə Dioqo Koşta Moratanın zərbəsini dəf etdi və Roberto Martinesin komandası ML-də 2-ci çempionluğunu qazandı.

3-cü yer uğrunda oyun
Almaniya – Fransa 0:2 (0:1)

Almaniya: Ter Ştegen, Kimmix, Ta, Kox, Raum (Mittelştadt, 65), Qross (Kerer, 73), Qoretska (Bişof, 65), Voltemade (Undav, 46), Virts, Adeyemi (Qnabri, 78), Füllkruq.
Fransa: Menyan, Qüsto, Bade, L.Ernandes, Din, Çuameni (Kone, 68), Rabyo, Kolo Muani (Olise, 68), Şerki (Kone, 68), M.Türam (Genduzi, 90), Mbappe.
Qollar: Mbappe, 45 (0:1). Olise, 84 (0:2).
Vərəqələr: Din, 12. Raum, 29. Adeyemi, 35. L.Ernandes, 61. Ta, 61 - sarı.
Hakim: İvan Krujlyak (Slovakiya).
8 iyun. Ştutqart. 51313 tamaşaçı.

ML-in final mərhələsində ilk dəfə iştirak edən Almaniya turniri iki məğlubiyyətlə başa vurdu. Yarımfinalda Portuqaliyaya 1:2 hesabıyla uduzan Yulian Naqelsmannın komandası 3-cü yer uğrunda oyunda Fransadan iki cavabsız top buraxdı. Bir qol vurub Oliseyə məhsuldar ötürmə verən Mbappe matçın qəhrəmanı oldu.

Oyundan sonra
Roberto Martines, Portuqaliya yığmasının baş məşqçisi:
“Çox qürur duyuram. Yalnız oynamaq yox, finalda qalib gəlmək vacibdi. İspaniya öz qollarını vurandan sonra biz inanılmaz xarakter nümayiş etdirdik. Ən əsası, bir komandayıq, işimizə sadiqik. 16-17 eyni səviyyəli oyunçumuz var. Bacarıq və digər keyfiyyətlər də kuboklar qazanmağa kömək edir. Komandanın kapitanı bizim üçün çox önəmlidi. İspaniya iki dəfə hesabda önə keçdi, lakin Ronaldonun təcrübəsi və gücü komandamıza hələ də qələbəyə hazır olduğumuzu göstərməyə kömək etdi”.

Kriştiano Ronaldo, Portuqaliya yığmasının hücumçusu:
“Çox xoşbəxtəm. Əvvəla, Portuqaliya millisinin bu nəsli titullara layiqdi. Mənim bir çox titulum var, amma ölkəm üçün qazanmaqdan gözəl bir şey yoxdu. Göz yaşları və uğur hissi... Çox gözəldi. Bu bizim millətdi. Biz kiçik xalq olsaq da, böyük ambisiyalarımız var. Yığmanın bu nəslinin kapitanı olmaq qürur mənbəyidi. Uşaqlarım həm də ispandılar. Onlar evdə məni əsəbiləşdirmək üçün deyirdilər ki, kubok İspaniyanındı. İndi atalarının İspaniyaya qalib gəldiyini gördülər. Buna görə də mənə daha çox hörmət edəcəklər”.

Luis de la Fuente, İspaniya yığmasının baş məşqçisi:
“Bu oyunçularla hər gün işləməklə və onlarla birgə yolun yolçusu olmaqla keçirdiyim fəxarət hissimi ifadə etmək istəyirəm. Gələcəkdə çox uğurlara nail olacağımıza əminəm. Həmişə qalib gələ bilməzsiz, amma mübarizə aparmaq vacibdi və bu komanda həmişə buna hazırdı. Moratanın yerinə yetirdiyi penalti? Qapıçı onun topu hansı səmtə yönəldəcəyini hiss etdi. Hər oyunçu penalti nöqtəsinə yaxınlaşmaq istəmir. Əsl çempion olan Alvaronun şansı qaçırmasına çox təəssüfləndim, amma bu normaldı”.


STATİSTİKLƏR ÜÇÜN
Yarımfinalın İspaniya – Fransa oyununu (5:4) 51724 tamaşaçı izləyib.
Seçilən
18
football-plus.az

1Mənbələr