İsveç Ordusu 2031-ci ilə qədər “Stridsvagn 123” adlanacaq 154 ədəd müasir tankla gücləndiriləcək.
“Poliqon” xəbər verir ki, bu barədə İsveçin Quru Qoşunları Məktəbi məlumat yayıb.
Bildirilib ki, İsveç Müdafiə Avadanlıqları Agentliyi (FMV) Ordunun istismarında olan 110 ədəd “Stridsvagn 122” tankının təmiri və modernləşdirilməsi üçün müqavilə imzalayıb. Modernləşdirmə işləri başlanan tanklar bundan sonra “Stridsvagn 123 A” adlanacaq.
Eyni zamanda, İsveç FMV 44 ədəd yeni istehsal olunmuş “Leopard 2 A8 S” tankının tədarükü üçün də müqavilə imzalayıb. Bu tanklar isə İsveçdə “Stridsvagn 123 B” adını alacaq. Onlardan 10-u daha əvvəl Ukraynaya bağışlanan tankları əvəz edəcək.
Hər iki müqavilənin təchizatçısı Alman-Fransız müdafiə sənayesi şirkəti olan KNDS-dir (bu şirkət Almaniyanın “Krauss-Maffei Wegmann” və Fransanın “Nexter” şirkətlərinin birləşməsindən yaranıb).
Tankların ordudakı bölmələrə təhvil verilməsi 2027-ci ildən 2031-ci ilə qədər davam edəcək. Bütün tanklar təhvil verildikdən sonra İsveç Ordusu “Stridsvagn 123” A və B modellərindən ibarət ümumilikdə 154 ədəd tanka sahib olacaq.
Zahirən “Stridsvagn 122” ilə “Stridsvagn 123” arasında, xüsusilə mütəxəssis olmayan şəxslər üçün –böyük fərqlər görünmür. Lakin “Stridsvagn 123 B” tamamilə yeni tankdır, “Stridsvagn 123 A” isə daha əvvəlki modelin şassi, mühərrik və ötürücü sistemləri saxlanılmaqla, döyüş qabiliyyəti və müdafiə baxımından təmir və modernləşdirilmiş versiyasıdır.
122-dən 123 A modelinə modernləşdirmə çərçivəsində tankın bütün elektron komponentləri faktiki olaraq yenilənib və sistem “Leopard 2”nin digər müasir modelləri ilə uyğunlaşdırılıb. “Stridsvagn 123” modelinə 120 mm-lik L55A1 kalibrli yeni top quraşdırılıb və bu sistem proqramlaşdırıla bilən döyüş sursatlarından istifadə etməyə imkan verir. Tank həmçinin tuşlayıcı-operator və komandir üçün yeni gecəgörmə cihazları, ön və arxa gecə sensorları ilə təchiz olunub. Tankın müdafiə səviyyəsi artırılıb və artıq çəkiyə uyğun yeni tırtıllar əlavə edilib.