AZ

İranın ali dini rəhbərinin hədəf alınması: Nə baş verə bilər?

Məlum olduğu kimi İsrail-İran müharibəsinin ilk günlərində Təl Əviv dəfələrlə raket-hava zərbələri ilə Tehran, İsfahan və Natanzdakı nüvə-hərbi obyektləri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda heyətini hədəfə aldı, onlarla yüksək rütbəli zabit və nüvə alimi həlak oldu. Lakin İranın ali dini lideri xəsarət almayıb və 13 iyun çıxışında İsrailə “acı və ağrılı aqibət” vəd edib.

Bir çoxlarına İsrailin bunu niyə etməməsi qəribə gəlir. Düşünürlər ki, bu, İsrail üçün çox asan olsa da, niyə etməyib?

Birincisi, məncə, bu, nəinki asan deyil, texniki çətinliklər səbəbindən heç mümkün də deyil. Çünki ali dini lider ictimaiyyət qarşısına nadir hallarda çıxır, əsasən “Beyt-ül Rəhnema” adlanan yüksək təhlükəsizlikli kompleksdə qalır. Obyekt yeraltı bunkerlər, radio-elektron müdafiə və çoxqatlı mühafizə kəməri ilə qorunur. Bu cür “hərəkətsiz” hədəfə belə, real vaxt kəşfiyyatı və tunel-zərbə silahları kimi xüsusi vasitələr lazımdır. Həmin imkanların dərhal sinxronlaşdırılması isə xeyli risk və resurs tələb edir. Halbuki nəzər salsaq, görərik ki, İsrail indiyədək daha “asan” – koordinatları məlum, dayaq rolunu oynayan hədəflərə üstünlük verib.

İkincisi, ali dini liderin nəinki öldürülməsi, hətta ona sui-qəsd cəhdi belə İran cəmiyyətini parçalamaqdansa, əksinə “şəhidlik” psixologiyası ilə səfərbər edə, Tehranın bütün müttəfiqlərini – HƏMAS, Hizbullah və digərlərini tammiqyaslı hücuma sövq edə bilər. Tarix və beynəlxalq hüquq təcrübəsi də göstərir ki, “kəllə vurma” ("leadership decapitation") taktikasının təşkilat və ya rejimin çöküşünə gətirməsi qətiyyən qarantiya doğuran sağlam bir addım deyil. Belə vəziyyətlərdə bəzən sistem daha radikal qüvvələrin əlinə keçə və münaqişə uzana bilər.

Bəlkə də bir çoxları razılaşmasa da, məncə, bunun digər bir səbəbi də hüquqi-diplomatik məhdudiyyətlərlə əlaqələndirilməlidir. Belə ki, başqa dövlətin ali rəhbərinin hədəf alınması beynəlxalq humanitar hüquqda “siyasi sui-qəsd” ("assassination") kimi tamamilə qadağandır. Hətta dövlətlər bunu çox vaxt açıq müharibə zamanı belə rəsmən müdafiə etməkdə çətinlik çəkirlər. Dünyada qəbul edilmiş presedent də (təbii ki, nüfuzlu dünya hüquqşünasları və politoloqları da vurğulayırlar) göstərir ki, belə qətllər adətən “qeyri-qanuni, mühakiməsiz edam” hesab edilir və söz yox ki, geniş beynəlxalq qınağa səbəb olma riski mövcuddur. İsrail savaşı başladan tərəf kimi onsuz da yetəri qədər regional və qlobal tənqidlə üz-üzədir, belə kritik vəziyyətdə daha sərt addım onu tam təcrid riski ilə üzləşdirə, hətta Vaşinqtonun dəstəyini zəiflədə bilər.

Burada diqqət edilməsi gərəkən digər bir məqam da məqsədin nə olmasıdır. Yəni İsrailin hədəfi rejim devirməkdir, yoxsa nüvə proqramını çökdürmək?

Təl-Əvivin elan etdiyi əsas prioritet İranın nüvə və ballistik imkanlarını sıradan çıxarmaq, SEPAH-ın regional əməliyyat kompasını pozmaqdır. Son günlərdə SEPAH baş komandanının da daxil olduğu bir sıra generalların öldürülməsi haradasa bu taktikaya uyğundur, lakin ali dini liderin fiziki məhvi İsrailin hədəf çərçivəsindən kənara çıxaraq tam rejim dəyişikliyi loqikasına çevrilərdi. İsrail tərəfinin “Xamenei hədəfdən kənarda deyil” (yəni nəzəri seçim kimi saxlayaraq) deməsinə gəlincə, məncə, bu, daha çox psixoloji təzyiq aləti kimi istifadə edilir.

ABŞ və beynəlxalq faktoru da diqqətdən kənarda qoymaq olmaz. Göründüyü qədərilə Vaşinqton hazırda genişmiqyaslı regional savaşın qarşısını almağa çalışır və sanki ABŞ İsrailə gizli kanallarla “qırmızı xətlər” barədə siqnallar göndərir. Rəhbərin öldürülməsi Tehranın nüvə proqramını hərbi yolla sürətləndirməsi və ABŞ qüvvələrinə hücum ehtimalını kəskin artıra bilər. İsrailin strateji müttəfiqindən bu qədər kəskin reaksiyanı gözə alması hələ real görünmür.

Yunis Xəlilov

Xəbər 4 dəfə oxunub.
Seçilən
7
xezernews.az

1Mənbələr