ain.az, Oxu.az portalına istinadən məlumat verir.
İyunun 15-də Bakı-Qazax-Bakı marşrutu üzrə sürət qatarı fəaliyyətə başlayıb.
Oxu.Az-ın əməkdaşı qatarın ilk sərnişinləri ilə birlikdə səfərə qoşularaq, səyahət təəssüratlarını qeydə alıb.
Səhərin erkən saatları... Paytaxtın sükutunu yavaş-yavaş günəşin şəfəqləri və səyahətə hazırlaşan sərnişinlərin həyəcanlı addımları pozur. Saat 8-ə yaxın Bakı Dəmir Yolu Vağzalındayam. Könlüm uzun zamandır, Qazaxın havasını udmaq, o yurdun ab-havasını hiss etmək arzusunda idi. Nə xoş təsadüfdür ki, bu səfərim beş ildən sonra fəaliyyətə başlayan Bakı-Qazax sürət qatarının ilk sərnişinləri sırasında gerçəkləşir.

Vağzal səyahətə hazırlaşan yolçularını qarşılayır. Gəncə, Tovuz, Qazax istiqamətinə gedən sərnişinlər yerlərini tuturlar. Saat 08:00-da qatar Bakıdan Qərbə doğru ümid, həsrət və sevincləri daşımağa başlayır. Azərbaycan Dəmir Yolları (ADY) QSC bu tarixi gün üçün media-tur təşkil edib. Həmkarlarım çəkiliş aparır, sərnişinləri danışdırır, anları lentə alırlar. Mən də söhbətlərə qoşuluram.
Bəzi sərnişinlər kameralardan yayınmağa çalışsa da, ürəyi dolu olanlar söhbətdən çəkinmirlər. Gözlərində doğma yurduna qovuşma sevincini gizlədə bilməyən bir xanım: "Ev əhlinə xəbər etmədən çıxdım. Adımı, şəklimi sayta verməyin", - deyə yarı-zarafat, yarı-ciddi gülümsəyir.
Yanındakı rəfiqəsi qoluna toxunub əlavə edir:
"İkimiz də qayğılardan bir az uzaqlaşıb nəfəs almaq üçün bu qatarın ilk sərnişinləri olmaq qərarına gəldik. Adətən avtobusla gedirdik, yorucu olurdu. Qatar daha rahat olacaq. Ata yurdumuza gedirik, anamgil yolumuzu gözləyir. İş-güc başımızı elə qatıb, neçə vaxtdır gedə bilmirdik. Qatarların fəaliyyətə başladığını eşidəndə fürsəti qaçırmaq istəmədik. Adam heç olmaya ildə bir dəfə doğma yurda baş çəkməlidir, suyundan içib, havasını udmalıdır..."

Onların səmimi söhbəti, gülər üzü yolboyu ruhuma qida olur. Vaqondan-vaqona keçir, bir az sərnişinləri müşahidə edirəm. Burada hər kəsin bir hekayəsi var. Kimi doğmasına qovuşmağa, kimi illərin həsrətini bitirməyə gedir. Kimi də bəlkə qaçmaq istədiyi xatirələrdən uzaqlara üz tutub, sakit bir guşədə ürəyinin səsini dinləmək niyyətindədir. Qatarın səsi, yolboyu pəncərədən göz işlədikcə uzanan mənzərələr - yaşıllıqlar, uzaqda görünən kəndlər, dağ silsilələri insanı həm sükuta qərq edir, həm də iç dünyasına səyahət üçün imkan yaradır. Axı A nöqtəsindən B nöqtəsinə getmək sadəcə fiziki səyahət deyil, bəzən insanın öz içində çıxmağa cəsarət etmədiyi bir yoldur.
Qatar hərəkət etdikcə sanki sən də xəyallarında geridə qoyduqlarını gözdən keçirir, qarşıdakı üfüqlərdə yeni ümidlər qurursan. Hər stansiya, hər körpü insanın daxili səyahətində bir mərhələ kimi görünür. Səyahət təkcə mənzərə dəyişmək deyil, həm də çıxdığın yolda məqsədlərini götür-qoy etmək, özünə suallar vermək, bəzən cavab axtarmaq üçün bir fürsətdir.
Bu qatarda hər kəsin daşıdığı yük fərqlidir: kimi sevincini, kimi nisgilini, kimi də sadəcə səssizcə bir az özünü. Qatar yol aldıqca insan da yol alır - həm yolların, həm düşüncələrin dərinliklərinə doğru.
Saatın əqrəbləri sanki qanadlanır. 13:00 yaxınlaşır və biz artıq Qazax stansiyasına çatırıq. Şirindilli bələdçi xanım bizə yaxınlaşır:
"İlk sərnişinlərimiz üçün kiçik bir şirinlik". O kiçik şirinlik, bu səyahətin qonaqpərvərlik simvoluna çevrilir.

Budur, artıq Qazax stansiyasına çatmışıq. Bu gün burada bayram ab-havası hökm sürür. Stansiyanın divarları yenidən səsə, sevincə, həyəcanlı addımlara şahidlik edir. Beşillik fasilədən sonra yenidən təmir olunaraq istifadəyə verilən bu stansiya ilk sərnişinlərini qarşılayır, yola salır. Bizi qazaxlılar və dəmiryol işçiləri "Dur gedək Qazaxa bir salam verək" mahnısının sədaları altında salamlayır, gülərüzlə qarşılayırlar. O andaca hiss edirəm ki, bu məkan təkcə bir səfərin başlanğıcı və ya son dayanacağı deyil, insanları, qəlbləri birləşdirən bir nöqtədir. Bu qarşılanma isə yalnız bir qatarın ilk səfərinin qeyd olunması deyil, yolların yenidən açılmasının, ümidlərin, həsrətlərin sona çatmağının bayramıdır. Axı yollar qovuşdurmaq üçündür - sevdiklərinə, yurda, doğmalara...

Stansiyada bayram əhvali-ruhiyyəsi davam edərkən, gözüm məlumat lövhəsində qatar cədvəlinə sataşır. İndi artıq Qazaxdan Bakı istiqamətində qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşəcək. Bakıdan Qazaxa isə səhər 08:00 və axşam 18:00-da qatara minmək mümkün olacaq. Bu rəqəmlər quru bir cədvəl deyil. Bu saatlar kiminsə həsrətini bitirəcək, kimi isə arzusuna çatdıracaq. Hər qatar kiminsə qəlbində ümid çırağını alovlandıracaq, kimisə doğma bir qapının astanasına çatdıracaq.
Təki yollar açıq olsun, səfərlər uğurlu keçsin, qatarlar hər kəs üçün ümid, qovuşma və sevinc daşıyan olsun!
Aləmdə Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.