“Dünya yenidən bölüşdürülür, yenidən dizayn edilir. Böyük və güclü dövlətlər öz təsir dairələrini daha da genişləndirmək, daha geniş ərazilərə yaymaq siyasəti aparırlar. İyirmi birinci əsrin savaşları daha çox yeni bazarlar qazanmaq, enerji mənbələri və koridorları əldə etmək, şirin su hövzələrinə sahiblənmək kimi strategiyalar üzərindən aparılır”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Onun sözlərinə görə, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya başlatdığı hərbi təcavüz, onsuz da gərgin olan İsrail-İran münasibətlərinin hərbi toqquşmalara səbəb olacağını qaçılmaz edirdi:
“Uzun illərdir ki, İran məzhəb təməlli siyasətlə Yaxın Şərqin bir neçə ölkəsində öz niyyətlərini reallaşdırmaq xətti tutmuşdu. Suriya, İraq, Livan, Yəmən və Fələstində “şiə hilalı” yaratmaq, bir az da sasani xülyaları ilə Yaxın Şərqdə yeni bir güc olmaq, əsas oyunçuya çevrilmək niyyəti güdürdü. İsraildə hesab edirdilər ki,İranın bu siyasəti İsrailin və bütövlükdə bölgənin təhlükəsizliyinə təhdiddir və İran durdurulmalıdır.
Xatırlatmaqda fayda var ki, İsrail İrana hücumdan xeyli əvvəl bölgədə İranın silahlı qruplarını tamamilə əzmək, ləğv etmək siyasəti həyata keçirtdi və bunu bacardı. Qəzzədə Əl-Kassam tuqayları, Livanda Hizbullah, Suriyada Əsəd rejimi, İraqda haşdi-Şabi və Yəməndə husi milisləri tam və ya önəmli ölçüdə zərərsizləşdirildikdən sonra növbə İrana çatdı”.
Onun sözlərinə görə, İranın ani bir hücumla vurulması və önəmli generallarının və nüvə alimlərinin öldürülməsi ortaya çıxartdı ki, rəsmi Tehran bu savaşı aparmaq iqtidarında deyil:
“Daha doğrusu İran 21-ci əsr elektronik hərbə hazır deyil. Gələn xəbərlərdən aydın olur ki, İran rəhbərliyi “nüvə danışıqlarını” yenidən başlatmaq üçün vasitəçilərlə görüşürlər. Amma İsrailin hərbi-siyasi rəhbərliyinin davranışları deməyə əsas verir ki, onlar İranın tamamilə tərki-silah olunmasında maraqlı və qərarlıdırlar. Hətta sonucun rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalları da real görünür. Bir sözlə,Yaxın Şərqdə suların tezliklə durulmayacağı, savaşın daha ağır xarakter alacağı ehtimal edilir”.
//Gülnarə Abasova, Editor.az