"Fərdi hadisələrə görə müəllimləri ümumiləşdirib tənqid etmək doğru deyil" — AÇIQLAMA
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, müəllimi davamlı olaraq müzakirə etmək, təzyiq altında saxlamaq və onun psixoloji durumuna mənfi təsir edir. Bizim cəmiyyət müəllimə çox yüklənib.
Müəllim rüşvət ala bilməz, amma davamlı olaraq müəllimin hədəfə alınması onun tədris prosesindəki fəaliyyətinə mənfi təsir göstərir.
Təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, deputatın fikirləri ilə razıdır:
“Cəmiyyətin istənilən təbəqəsində müəllimlər də daxil olmaqla, qeyri-qanuni və ya etik olmayan davranışlar sərgiləyən insanlar tapıla bilər. Lakin əsas məsələ odur ki, fərdi hadisələrə görə bütün peşə sahiblərini, xüsusilə müəllimləri ümumiləşdirib tənqid etmək doğru deyil. Müəllim cəmiyyətin əsas dayaqlarından biridir. Cəmiyyətin formalaşmasında, gənc nəslin yetişməsində onun rolu əvəzolunmazdır. Tək-tük hallarda hansısa müəllimin və ya məktəb direktorunun yol verdiyi qanunsuzluğa görə bütün müəllimləri və ya direktorları eyni baxışla dəyərləndirmək, onları tənqid atəşinə tutmaq ədalətsizlikdir. Bəli, müəllim rüşvət almamalıdır, qeyri-etik davranış sərgiləməməlidir. Amma nəzərə almaq lazımdır ki, müəllimlərin də insan olaraq şəxsi, maddi, psixoloji və ailəvi problemləri ola bilər”.
Ekspert diqqətə çatdırıb ki, bu səbəblərlə səhv edən bir müəllimin timsalında bütün müəllimləri günahlandırmaq cəmiyyət üçün təhlükəlidir:
“Bütün baş verənlər müəllim peşəsinin nüfuzuna zərbə vurur. Sosial mediada və cəmiyyətdə getdikcə müəllimə qarşı hörmətin azaldığını, müəllimlərin sıxıntı içində olduğunu eşidirik. Bu yanaşma dəyişməlidir. Media, dövlət qurumları, millət vəkilləri və təhsil işçiləri müəllimləri hər zaman dəyərləndirməli, onları ümumi neqativ yanaşmaların hədəfinə çevirməməlidir. Müəllim bizim gələcəyimizi formalaşdıran şəxsdir. Onlara layiqincə hörmət göstərmək həm mənəvi borcumuzdur, həm də daha sağlam gələcəyin təməlidir. Bəzi hallarda, istər fərqində olaraq, istər fərqində olmayaraq, bəzi şəxslər tərəfindən müəllimlərə qarşı müəyyən psixoloji təzyiqlər olur və bu da bəzi hallarda davam edir. Sanki bir müəllim hər hansı mənfi bir addım atırsa, bu, bütün müəllimlərə şamil olunur. Əslində, istənilən odur ki, cəmiyyətin bütün təbəqələri müəllimləri əl üstə tutsun, onların gördüyü gözəllikləri, fədakarlıqları təqdim etsin və dəyərləndirsin. Amma baxırsan ki, müəllim gözəl bir addım atır – bu, sosial platformalarda o qədər də səsləndirilmir. Amma hər hansı bir mənfi hadisə baş verəndə dərhal müəllim cəmiyyətin tənqid hədəfinə çevrilir. Cəmiyyətin hər bir fərdi müəllimə böyük hörmət göstərməlidir. Müəllim hörmət simvoludur. Bir neçə müəllimin mənfi davranışı bütün müəllim adını ləkələməməlidir. Bu, qətiyyən yolverilməzdir”.
Leyla Turan
Demokrat.az