AZ

İran cəbhədə tək döyüşür - Müttəfiqləri ona niyə kömək etmir? - AÇIQLAMA

İsrail və İran arasında artan gərginliyə baxmayaraq, regionda Tehranla müttəfiq olan qüvvələr İrana yetəri qədər kömək etmir. Livandakı “Hizbullah”, Yəməndəki husilər və İraqdakı şiə silahlı birləşmələri İrana yaxın qüvvələr olsa da onlar passiv davranışları ilə diqqət çəkir. Halbuki, İran bu qüvvələrdən istifadə edərək koordinasiyalı şəkildə İsrailə qarşı cəbhə aça bilərdi. 


Bəs nə üçün İran həmin qüvvələrdən istifadə edə bilmir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Sultan Zahidovun sözlərinə görə, İranın bölgədəki proksi qüvvələrinin hərbi-siyasi imkanları son illər ərzində ciddi şəkildə zəiflədilib. Xüsusilə 2023-cü ilin oktyabr ayından sonra İsrail bu qruplara qarşı genişmiqyaslı hücumlar həyata keçirib:


“İsrail ardıcıl şəkildə həm Yəməndə, həm İraqda, həm də Livanda yerləşən İranın müttəfiqlərinə zərbələr endirib. Onların hərbi liderləri bir-bir zərərsizləşdirilib, silah anbarları dağıdılıb və hərbi infrastrukturları çökdürülüb. Bu səbəbdən də hazırda bu qüvvələr İsrailə qarşı əhəmiyyətli müqavimət göstərə biləcək gücdə deyillər”.

 


Politoloq hesab edir ki, yalnız Yəməndəki husilər, yəni “Ənsarullah” hərəkatı müəyyən aktivlik nümayiş etdirir. Onlar vaxtaşırı İsrailə raket hücumları təşkil etsələr də, artıq əvvəlki gücdə deyillər:


“ABŞ-nin mart ayından etibarən Yəməndəki husi mövqelərini intensiv bombardman etməsi nəticəsində onların da hərbi gücü ciddi şəkildə zərbə alıb. Əvvəllər İsrailə qarşı təhlükə mənbəyi olan husilər bu gün daha çox müdafiə mövqeyinə çəkiliblər”.


Livandakı “Hizbullah” barədə danışan politoloq qeyd edib ki, bu təşkilat da əvvəlki nüfuzunu və hərbi imkanlarını itirib:

 

“Əsəd rejiminin zəifləməsi və Suriya üzərindən gələn dəstəyin dayanması, eyni zamanda Livan hökumətinin açıq şəkildə “Hizbullah”a İsrailə qarşı hücum etməyə icazə verməyəcəklərini bəyan etməsi bu təşkilatın manevr imkanlarını daraldıb”.


İraqda isə vəziyyət daha da mürəkkəbdir. S.Zahidov qeyd edir ki, şiə qüvvələr, xüsusilə “Həşdi-Şəbi” İranla yaxın əlaqələrə malik olsalar da, ölkədə ABŞ hərbi bazalarının olması bu qüvvələrin hərəkət azadlığını məhdudlaşdırır:


“İraq hökuməti də açıq şəkildə İsrailə qarşı hərbi əməliyyatlara icazə vermir. Çünki bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb ola bilər. Bu da İraqın öz təhlükəsizliyi üçün ciddi riskdir”.

 

Ekspertin fikrincə, bütün bu amillər İsrail üçün tarixi fürsət yaradır. İranın regional müttəfiqlərinin zəiflədiyi, daxildə də iqtisadi və sosial təzyiqlərin artdığı bir vaxtda Tel-Əviv üçün İranı birbaşa hədəf almaq daha asan görünür:


“Əgər iki il öncə İsrail İranla birbaşa müharibəyə girsəydi, bu onun üçün olduqca riskli olardı. Çünki o dövrdə İranın “proxy” qüvvələri daha güclü və fəal idilər. İndi isə bu strukturlar ciddi şəkildə zəiflədilib və bu vəziyyət İsrailə əlavə üstünlük verir”.


S.Zahidov vurğulayıb ki, İran hələ də regionda güclü təsirə malikdir və raket imkanları ilə İsrailə ciddi təhlükə yaradır. Lakin ekspert hesab edir ki, indiki vəziyyət Tel-Əvivə imkan verir ki, Tehranla bağlı planlarını daha rahat və minimum müqavimətlə həyata keçirsin.


Bəsti Rəfizadə
Sfera.az

Seçilən
23
1
sfera.az

2Mənbələr