Ölkədə bir neçə ildir ki, müəllimlərin sertifikasiya imtahanı keçirilir.
İlk dəfə 2022-ci ildə ibtidai sinif müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılıb. Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq test imtahanı mərhələsində 51-60 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını (30 bal) toplayan və 50 baladək nəticə göstərən müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavə edilir.
2022-ci ildə ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesinə 11 590 təhsilverən cəlb olunmuşdu ki, onlardan 11 211 ibtidai sinif müəllimi prosesdə iştirak edib 96,7 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayan 3 163 müəllimin əməkhaqqına 2022-ci ilin sentyabr ayından 35 faiz, 5 624 müəllimin əməkhaqqına isə 10 faiz əlavə olunub.
2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. 24 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj üzrə tələb 5 ildən 3 ilə endirilib, eyni zamanda, 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı könüllü şəkildə olub.
Qanunvericiliyə uyğun olaraq, sertifikasiyadan kəsilən müəllimlərə iş yeri saxlanmaqla 1 il əlavə vaxt verilib. Bu 1 il ərzində Elm və Təhsil Nazirliyi onlara ödənişsiz təlimlər keçib. Müəllimlərin bir hissəsi nazirliyin təşkil etdiyi təlimlərdən yararlandı, bir hissəsi isə fərdi qaydada kurslara və repititorlara üz tutdular.
Nəticə etibarı ilə 2023-cü ildə həmin müəllimlərin ikinci dəfə sertifikatlaşma prosesi keçirildi. 743 nəfər sertifikasiyadan kəsildi. 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat müəllimlərinin sertifikatlaşdırma prosesi baş verdi. Birinci mərhələdən kəsilən Azərbaycan dili və ədəbiyyat müəllimlərimizin sayı 8 mindən çox oldu.
2024-cü ildə isə xarici dil və riyaziyyat müəllimləri sertifikasiyadan imtahan verdilər. Təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkə üzrə 27 imtahan mərkəzini əhatə edib. Test imtahanlarında 23 449 müəllim iştirak edib.
İmtahanda iştirak edən təhsilverənlərin 86%-i uğur qazanaraq müsahibə mərhələsinə qatılmaq hüququ əldə edib. 2024-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində test və müsahibə mərhələsində uğur qazanmış 9020 təhsilverənin vəzifə maaşına 35 faiz, 14 543 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci ildə keçiriləcək sertifikasiya imtahanına az bir müddət qalıb.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyunda təşkil olunacağı gözlənilir. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər. Ötən il sertifikasiyada uğurlu olmayanların 200-ə yaxını öz ərizəsi ilə işdən ayrılıb.
"Sertifikatlaşdırma prosesə hazırlıq yekunlaşmaq üzrədir.
Sertifikatlaşdırma prosesinin nəticələri onu deməyə əsas verir ki, qarşıya qoyulan hədəflərə nail olunur. Növbəti həftə keçiriləcək imtahanlarda təxminən 22 min nəfər müəllimin iştirakı nəzərdə tutulur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir:
“Proses müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Çünki keyfiyyətli müəllim və keyfiyyətli təhsil anlayışları bir-biri ilə vəhdət təşkil edir. Hər bir vətəndaşın keyfiyyətli təhsil almaq hüququ var. Keyfiyyətli təhsil isə keyfiyyətli müəllim deməkdir. Sertifikatlaşdırma bu tələbi ödəyir”.
Agentliyin direktoru xatırladıb ki, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib:
“Sertifikatlaşdırmadan keçmiş 17 min 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 min 84 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. Bu il keçiriləcək sertifikatlaşdırma prosesindən sonra maaşını diferensial qaydada artımla alacaq müəllimlərin sayı təxminən 70 min nəfərdən çox olacaq”.
Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Qeyd edək ki, ölkədə dörd minə yaxın müəllim təkrar sertifikasiya imtahanından keçə bilməyib.
Onlara növbəti ildə hazırlaşıb 2025-ci ildə yenidən müəllimlərin işə qəbulu imtahanında iştirak etmək hüququ, müsabiqə şərtini ödəyib, orta təhsil məktəblərində işləmək haqqı qazanmaq üçün bir şans verilir. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmada iştirak edəcək.
Onu da vurğulayaq ki, sertifikasiya imtahanından keçməyən müəllimlərə bəzi məktəblərdə sosial işlər təklif olunur ki, müəllimlərin bir çoxu bu sahədə çalışmaq istəmir. MİQ imtahanlarında iştirak etmək istəməyənlər isə artıq yenidən müəllim adını daşıya bilmirlər.
Maraq doğuran odur ki, işinə xitam verilən həmin müəllimlər bu gün repetitor kimi fəaliyyətini davam etdirirmi? Əgər belədirsə, onların yetişdirdiyi abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında uğur qazanması çətindir və valideynlər boş yerə vəsait ödəməli olacaqlar.