Azpolitika.az saytına istinadən ain.az xəbər verir.
İranla müharibə başlayandan sonra 48 saat ərzində İsrail Tehran da daxil olmaqla İranın qərb hissəsində hava üstünlüyünə nail olub.
“AzPolitika” xəbər verir ki, “The Wall Street Journal”-dakı məqalədə belə deyilir.
Qəzet yazır ki, bununla da İsrail nəhəng Rusiya Hərbi Hava Qüvvələrinin 3,5 illik müharibədə Ukraynada əldə edə bilmədiyinə İranda nail ola bilib. Yazıda qeyd olunur ki, Rusiyanın hava üstünlüyünə nail ola bilmədiyi üçün onun qüvvələri böyük itkilər verərək səngər müharibəsində ilişib qalıb.
ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Devid Deptula deyib: "Biz Rusiya və Ukrayna arasındakı müharibənin timsalında tərəflərdən heç biri hava üstünlüyünə nail ola bilməyəndə nə baş verdiyini görürük: dalana dirənmə və tükənmə müharibəsi. İsrail və İran arasındakı müharibədə isə hava üstünlüyü onlara bu üstünlüyə malik olduqları yerlərdə zərbə endirmək üçün qeyri-məhdud azadlıq verir".
Yazıda bildirilir ki, İsrailin ilk hava hücumları radarlar üçün görünməyən, bahalı “F-35” təyyarələri ilə həyata keçirilib. İndi isə İranın hava hücumundan müdafiə vasitələrinin əksəriyyəti sıradan çıxarıldığı üçün “F-15” və “F-16” kimi köhnə döyüş təyyarələri mübarizəyə girir. İsrail həmçinin bunun sayəsində raketlərdən daha ucuz başa gələn və daha asan əldə edilən qısa mənzilli “JDAM” və “Spice” idarə olunan bombaları ata bilir.
Qəzetin qeyd etdiyi kimi, israillilər İrana qarşı öz kampaniyalarını planlaşdırarkən Rusiyanın uğursuzluqlarından və Ukraynanın uğurlarından dərs alıblar: “Ancaq müdafiə rəsmiləri və analitiklərinin fikrincə, indiyə qədər ən bariz dərs odur ki, İsrail Hərbi Hava Qüvvələri mahiyyət etibarilə Rusiyadan daha bacarıqlıdır, Ukrayna isə özünü müdafiə etməkdə İrandan qat-qat üstündür”.
Britaniyanın istefada olan Hərbi Hava Qüvvələri Marşalı Edvard Stringer qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələrinin mükəmməl təlimi, innovasiyası, kəşfiyyat və kiber imkanları olduğu üçün onlar ruslardan daha uğurlu nəticələr əldə ediblər: "Rusların olan-qalanı pilotlarıdır. Onlar bu pilotlara “uçan artilleriyanı” idarə etməyi öyrədirlər, vəssalam".
Qeyd olunur ki, öz növbəsində, Ukrayna kimi İranın da düşmənlə hava döyüşündən sağ çıxa biləcək döyüş təyyarələri yoxdur. Bununla belə, Ukraynadan fərqli olaraq, Tehran öz ərazisi üzərində düşmən təyyarələrinin əməliyyatlarına əhəmiyyətli dərəcədə mane ola biləcək yerüstü hava hücumundan müdafiəni təşkil edə bilmədi.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.