Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin istefa xəbəri yayılıb. O, sosial şəbəkə hesabında bir sənəd paylaşıb. Sənəddə bildirilir ki, AXP sədri səlahiyyətlərini müavini Qiyas Sadıqova həvalə edir.
Media bunu Pənah Hüseynin partiya sədrliyindən istefası kimi yaydı, az sonra o, “Globalinfo”ya istefa vermədiyini bildirdi və fikrini belə əsaslandırdı: “Mən istefa verməmişəm, sadəcə, partiya sədri səlahiyyətlərinin icrasını müavinim Qiyas Sadıqova həvalə etmişəm. Bu, iştirak etdiyim digər bir siyasi proseslə bağlıdır”.
Xatırladaq ki, Pənah Hüseynin belə səs-küylü qərarları bundan öncə də olub. 1993-cü ildə baş nazir vəzifəsindən də elə bu vaxtlar – iyun ayında istefa vermişdi. İyunun 6-da o, Milli Məclisdə çıxışı zamanı hakimiyyətin 3-cü postundan getdiyini açıqlamışdı.
Onun istefası siyasi mühitdə bomba effekti yaratmışdı. P.Hüseyn Elçibəy iqtidarının ilk istefa verən yüksək vəzifəli məmuru kimi tarixə düşdü. İyunun 4-də Gəncə şəhərində hərbi qiyam edən Surət Hüseynov o dönəmin prezidenti Əbülfəz Elçibəyin, Milli Məclis sədri İsa Qəmbərin, baş nazir Pənah Hüseynin və digərlərinin istefalarını tələb edirdi.
P.Hüseyn bir müddət siyasi fəaliyyətdən çəkildi. Hətta gizli yaşadı. Deyilənə görə, buna səbəb Surət Hüseynovun onu qətlə yetirmək istəməsi olub. 1996-cı ilin aprel ayında Pənah Hüseynin, Arif Hacılının və Türkiyə vətəndaşı İsa Yaşar Tezelin olduqları maşın polislər tərəfindən təsadüfən saxlanılarkən Pənah Hüseynin maşında olduğu bilinib və o, həbs edilib.
P.Hüseyn 1997-ci ilin yanvar ayında həbsdən buraxıldı. Bundan sonra siyasi fəaliyyətini bərpa etdi. Həmin ilin yay aylarında Azərbaycan Xalq Partiyasını təsis etdi. 2005-ci ildə keçirilən Milli Məclisə seçkilərdə Sabirabad rayonundan deputat seçildi.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta