Kulis.az Vüqar Vanın yeni yazısını təqdim edir.
Son vaxtlar tez-tez bir şey müşahidə edirəm. Deməli, bir qrup adam var ki, kitabı çıxan və kitabına təqdimat edən yazıçı-şairlərə gülür, onları lağa qoyurlar. Arqumentlər də əsasən bunlar olur.
"Təqdimatlara oxucular getmir. Təqdimatlar toy kimi keçir, ancaq eyni adamları görürsən, onlar da ona görə təqdimata gəlirlər ki, sabah onların da təqdimatına kimsə gəlsin. Təqdimat edən yazıçı-şairlər səviyyəsizdir, özünə hörmət edən yazıçı-şair təqdimat keçirməz və sair".
Gəlin görək bu adamlar nə qədər haqlıdırlar.
Azərbaycanda kitaba marağın az olması, təqdimatlara az adamın getməyi Allahın dəvədəlləyinə də aydın olan bir həqiqətdir. Bəs bəzi adamlar nə üçün Allahın dəvədəlləyinə də aydın olan bir həqiqəti hər yerdə fürsət düşdükcə səsləndirirlər? Cavab çox sadədir. Bu adamlar təqdimatlara oxucuların gəlməməsinə görə, azərbaycanlı şair-yazıçıların pərt, pəjmürdə, pis olmaqlarına görə dərin bir sevinc içindədirlər. Azərbaycanlı şair-yazıçıların gülməli vəziyyəti düşməyi onlara çox xoş təsir edir. Onlar oturub-durub sevimli minusovkalarını təkrar edirlər: "Ölkədə ciddi yazıçı-şair yoxdur. Hamı çuşkadır. Ən yaxşı yazıçı-şair ölmüş yazıçı-şairdir. Buraxın bu qeyri-ciddi işlərin başını, gedin özünüzə gün ağlayın, normal həyat yaşayın, hav hav hav hav hav".
Başa düşmürəm, bəzi adamlara kiminsə roman-hekayə-şeir yazmağı nə üçün pis təsir edir? Ümumiyyətlə, bir yazıçıya və ya şairə təqdimat keçirmə demək, yumşaq desək, tərbiyəsizlikdir.
Bəlkə, bu adamlar vaxtilə nəsə yazmağa çalışıb, dərhal da öz istedadsızlıqlarının və cəsarətsizliklərinin fərqinə varıblar, indi də bunun günahını azərbaycanlı yazıçı-şairlərdə axtarırlar?
Mən azərbaycanlı yazıçı-şairləri hər fürsətdə alçaltmağa çalışan, onları lağa qoyan, onların uğursuzluğuna sevinən bir xeyli adam tanıyıram və bir az maraqlanan kimi məlum olub ki, həmin adamlar da nə vaxtsa şeirdən-hekayədən yazıblar, yazmağa cəhd ediblər, yazırlar, yaxud yaza bilmirlər. Baxırsan yekə-yekə kişilərdir, hansısa bir yazıçı-şairin təqdimat keçirməsini lağa qoyur, yazıçı-şairləri ələ salır, onların uğursuzluqları ilə öz balaca dünyalarında məzələnirlər. Nə deyəsən? Milçəyə nəcisin iyinin pis olduğunu sübut etmək mümkün deyil. Bunu başa düşməkdən ötrü o gərək milçək olmaqdan çıxa.
Qaldı təqdimatlara az adamın gəlməyinə.
Üç sadə misal.
Bu yaxınlarda Şərif Ağayarın "Rəng mühəndisi" romanının təqdimatına 300-ə yaxın adam gəlmişdi və 200-dən çox kitab satıldı. Bir təqdimatda 200 kitabın satılması yəqin kimlərisə narahat edə bilər, amma nə edək, bu bir faktdır.
Bir neçə ay qabaq təsis etdiyimiz "Park" nəşriyyatının təqdimatına 300-350 arası adam gəlmişdi. Salam Sarvanın əli kitab imzalamaqdan ağrıyırdı. Bəli, bu fakt da azərbaycanlı yazıçı-şairlərin pərtliyinə sevinən adamları bir az məyus edə bilər, intəhası nə etməli? Bu da bir faktdır.
Üçüncü misalı isə özümdən çəkim. Mənim "Hardasa olardı, 13-14 yaşım" romanımın təqdimatında da 100-dən çox adam vardı, onların ən uzağı 20-30-u yazıçı-şair ətrafım olardı, qalanları oxucu idi.
Şərif Ağayarı başa düşdük, 50 yaşlı yazıçının uzun müddətdən sonra romanı çap olunub, Salam Sarvanı da başa düşdük, böyük bir şairin ilk nəsr kitabı çıxıb, camaat damaraqla gəlib iştirak edir. Bəs mənim – 24 yaşlı bir lerikli Vüqarın təqdimatında ilin-günün bu vaxtı niyə bu qədər adam olmalıdır? Özü də reklamsız-dəvətsiz-zadsız. Bəli, bu fakt da azərbaycanlı şair-yazıçıları hər fürsətdə alçaltmağa çalışan bəzi adamların ovqatını təlx edə bilər, amma nə etmək olar. Bəzən belə də olur.
Kitab bir məhsuldur, bütün istehsal olunan şeylər kimi onun da təqdimata ehtiyacı var. Bütün dünyada kitab onsuz da birinci mərhələdə dar sənət çevrəsində tanıdılır və bu belə də olmalıdır. Yazıçının bu mərhələdə oxucunun fikrinə yox, tənqidçilərin, yazıçı dostlarının, qələm adamlarının rəyinə ehtiyacı var. Yəni bu heç də toy, tamada estetikası deyil, standartdır. Kitabı oxuyan, kitab haqqında məlumatı olan qələm adamları təqdimatda iştirak edənlər üçün kitabı analiz və təhlil edirlər. Müsbət tərəfləri varsa, şübhəsiz, onları da vurğulamaq şərtilə. Bu da niyəsə yazmaq istəyib istedadsız olduğunu başa düşən bəzi adamları dərindən narahat edir.
Əziz dostlar, ümumiyyətlə, sizin şərtlərdən xəbəriniz var? Bir yazıçı-şair ən azı 3-5 ilini həsr edib, gecə-gündüz əlləşib-vuruşub ortaya pis-yaxşı bir kitab çıxarır və nəşriyyatlar bir şərtlə öz hesablarına bu kitab çap edirlər. Yazıçıya 30-50 arası kitab və satışdan 10 faiz, yəni bir manat verirlər. Təsəvvür edin, ən azı 3-5 ilini həsr edib hazırladığın məhsuldan cəmi bir manat sənin olur.
Sizin lağa qoyduğunuz, ələ saldığınız təqdimatlar həm də ona görə keçirilir ki, istismarçı nəşriyyatların verdiyi həmin o 30-50 arası kitabı yazıçı-şair özü satıb 300-500 manat pul qazana bilsin.
Mən burda ağlaşma qurmuram, deyinmirəm, yaxud kiminsə hisslərini istismar etmirəm. Don Kixotun təbirincə desək, hərə öz yoluyla gedir və heç kim getdiyi yola görə heç kimə minnət qoya bilməz. Mən sadəcə şərtləri və real mənzərəni təsvir etdim. İçində bir qram ədalət hissi olan adamlar nə dediyimi başa düşərlər.
Azərbaycanlı şair-yazıçıların uğursuzluğuna sevinən, azərbaycanlı şair-yazıçıların səfil günündə yaşamasını arzulayan, onları hər fürsətdə lağa qoyan, ələ salan adamlar üçün yenə Don Kixotdan misal çəkməliyəm. O deyirdi: "Mənim məğlubiyyətim, mənim həqiqətimi sarsıda bilməz".