İran İsrailə qarşı hərbi əməliyyatların dayandırılması ilə bağlı mövqeyini açıqlayıb.
Bunu Tehranda xarici diplomatlarla görüş zamanı İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Əgər qarşı tərəf aqressiyanı dayandırsa, İran da İsrailə qarşı zərbələri dayandırmağa hazırdır. Bizim əlimizdə ABŞ-ın regiondakı hərbi bazalarından İsrailin istifadə etdiyinə dair tutarlı dəlillər var. Biz müdafiə olunuruq və bu müdafiə tamamilə qanunidir. Beynəlxalq qanunlara əsasən, hər bir dövlətin özünü müdafiə etmək hüququ var. Təbii ki, İsrail bombardmanı dayandırsa, biz də müdafiəmizi dayandırarıq”, – deyə nazir vurğulayıb.
Məsələ ilə bağlı Sitat.info-ya danışan siyasi şərhçi Kənan Novruzov vəziyyəti belə şərh edib:
“İsrail uzun müddətdir İrana hücum etmək istəyirdi, lakin ABŞ buna icazə vermirdi. Tramp hakimiyyətə gəldikdən sonra İsrailə həm açıq, həm də gizli şəkildə bir neçə dəfə dəstək mesajı göndərmişdi. Bu gün baş verən hücumda ABŞ-ın bilavasitə xəbəri olduğunu düşünmürəm. Ola bilsin ki, sonradan imicini qorumaq üçün bu hücumdan xəbərdar olduqlarını bəyan ediblər”.
Hücumun əsas səbəbi nüvə danışıqları ilə bağlı İranın mövqeyidir: “Nüvə proqramı ilə bağlı danışıqların nəticə yönümlü olması İsraili hərbi yola əl atmağa vadar etdi. İran isə cavab verməyə məcbur qaldı. Əks təqdirdə, ölkə daxilində ciddi çaxnaşmalar baş verə, bu isə vətəndaş müharibəsinə qədər gedib çıxa bilərdi. İranın cavabı daxili təhlükənin qarşısını aldı”.
Siyasi analitikə görə, bundan sonra proseslər əsasən İran-ABŞ xəttində davam edəcək: “Əgər İran ABŞ-ın nüvə məsələsindəki maraqlarına uyğun davranarsa, Vaşinqton neytrallığını qorumağa çalışacaq. Lakin İran öz ambisiyalarından əl çəkməsə, ABŞ İsrailə dəstəyini artıracaq və İranı daha da sıxışdıracaq. Mənim qənaətimcə, ikinci ssenari daha real görünür. ABŞ istəməzdi ki, nüvə danışıqları pozulsun, lakin bu mümkün olmadığı üçün artıq İranı güc yolu ilə neytrallaşdırmağa cəhd göstərə bilər”.
Nigar Əkbərova,
Sitat.info