AZ

Vahid əlifba bu problemlərin aradan qalxmasına yardım edə bilər— AÇIQLAMA

TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini, deputat Günay Əfəndiyeva Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü plenar iclasında deyib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir çox ikitərəfli təhsil sazişlərinin imzalanması, diplomların qarşılıqlı tanınması və ortaq universitetlərin yaradılması bu sahədə atılan mühüm addımlardır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir.

Təhsil eksperti Elçin Əfəndi bununla bağlı Demokrat.az-a açıqlama verib. 

O deyib ki, türkdilli dövlətlərin daxil olduğu birlik çərçivəsində ortaq əlifba və ortaq dil məsələsinə dair artıq müəyyən qərarlar verilib:

“Hesab edirəm ki, ilin sonunda ölkəmizdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu mövzu ilə bağlı daha konkret qərarlar qəbul olunacaq. Vahid əlifba və ortaq dil məsələsi xüsusilə təhsil sahəsində əməkdaşlığın dərinləşməsi baxımından çox önəmlidir. Məsələn, Qazaxıstanda keçirilən imtahanların nəticələrinin Azərbaycanda tanınması, və ya əksinə Azərbaycandakı nəticələrin digər türk dövlətlərində tanınması bu, gələcəkdə tələbə və müəllim mobilliyini asanlaşdıracaq.  Eyni zamanda, diplomların qarşılıqlı tanınması məsələsində də bu istiqamətdə atılacaq addımlar mühüm rol oynayacaq. Çünki hazırda türkdilli ölkələrdə təhsil alan vətəndaşlarımızın diplomlarının tanınmasında müəyyən çətinliklər mövcuddur. Ortaq dil və vahid əlifba bu problemlərin aradan qalxmasına yardım edə bilər. Ümumilikdə, bu addımlar türk dünyasının inteqrasiyasını gücləndirəcək, təhsil, elm və mədəniyyət sahələrində daha sıx əməkdaşlıq üçün zəmin yaradacaq. Zirvə görüşündə qəbul ediləcək qərarların bu baxımdan əhəmiyyətli olacağına inanıram”.

Leyla Turan
Demokrat.az
Seçilən
5
1
demokrat.az

2Mənbələr