AZ

Qazaxıstan Rusiyanın AES “tələsinə” düşdü

Qazaxıstanda ilk atom elektrik stansiyasının tikintisini Rusiyanın “Rosatom” dövlət konserni həyata keçirəcək.

Musavat.com xəbər verir ki, bunu Qazaxıstanın Atom Enerjisi Agentliyi elan edib.

Agentliyin mətbuat xidmətinin açıqlamasına əsasən, Rusiya şirkəti siyasi səbəblərə görə deyil, respublikanın enerji təhlükəsizliyi və inkişafı maraqları baxımından seçilib:

“Konsorsiumun lideri kimi seçilən şirkətlə əməkdaşlıq hərtərəfli texniki-iqtisadi qiymətləndirmənin nəticələrinə əsaslanır. Seçim siyasi xarakter daşımayıb, o, Qazaxıstanın enerji təhlükəsizliyi və inkişafı maraqlarını əks etdirir. Qazaxıstan və Rusiya arasında çoxillik strateji əlaqələr var, o cümlədən nüvə sektorunda”.

Eyni zamanda agentlik qeyd edib ki, konsorsiuma yeni anti-Rusiya sanksiyalarının tətbiqi ssenariləri və mümkün tədarükün dayandırılması da daxil olmaqla hərtərəfli risk qiymətləndirməsindən keçmiş podratçı rəhbərlik edəcək.

Vurğulanır ki, AES tamamən Qazaxıstanın nəzarətində olan ilk atom enerjisi obyekti olacaq və tərəfdaş seçimi asılılıq demək deyil:

“Qazaxıstan nüvə enerjisi sahəsində öz səlahiyyətlərini inkişaf etdirir, ölkə uran hasilatında dünyada birinci yerdədir, nüvə yanacağı istehsal edir, milli kadrları fəal şəkildə hazırlayır və infrastruktur qurur. Layihənin həyata keçirilməsi texnoloji sabitliyi təmin edən və bir təchizatçıdan asılılıq risklərini azaldan beynəlxalq konsorsiumun iştirakını nəzərdə tutur”.

Qeyd edək ki, dünən Qazaxıstanın Atom Enerjisi Agentliyi “Rosatom”un elan olunmuş tenderdən qalib çıxdığını açıqlayıb. Məlumata görə, stansiya Rusiyanın dövlət ixrac maliyyələşdirməsi çərçivəsində inşa olunacaq. AES Almatı vilayətinin Jambil rayonunda tikiləcək.

Agentliyin məlumatına görə, beynəlxalq ekspertlərin iştirakı ilə konsorsiumun rəhbərləri müəyyən edilib.

Nüvə Sənayesinin İnkişafı üzrə İdarələrarası Komissiyanın məlumatına əsasən, 1-ci yeri tutan “Rosatom”dan əlavə, potensial təchizatçıların qısa siyahısına Çin Milli Nüvə Korporasiyası (2-ci yer), Fransanın “Electricite de France” və Koreyanın “Korea Hydro & Nuclear Power” (hər iki şirkət 3-cü yerdə) daxildir.

AES-in yekun dəyəri hələ tam müəyyən olunmayıb:

"Əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya Federasiyası Qazaxıstana güzəştli şərtlərlə ixracın maliyyələşdirilməsini təmin edəcək. Bu maliyyələşdirmənin parametrləri ilə bağlı danışıqlar aparılır".

Mətbuat xidmətindən verilən məlumata görə, ixrac krediti vəsaitləri digər məsələlərlə yanaşı, nüvə reaktoru, buxar generatorları, əsas dövriyyə nasosları kimi istehsal müddəti uzun olan avadanlıqların alınmasına, eləcə də tikinti işlərinin aparılmasına yönəldiləcək. Bu xərclər layihənin icra qrafikini yerinə yetirmək və tammiqyaslı tikintiyə hazırlaşmaq üçün lazımdır.

Eyni zamanda qeyd olunur ki, layihənin yekun dəyəri barədə danışmaq hələ tezdir:

“Hər hansı AES-in tikintisi zamanı yekun dəyərin formalaşmasına bir sıra amillər, o cümlədən mühəndis-axtarış işlərinin nəticələri, yəni yerləşdiyi ərazinin meteoroloji və seysmoloji şəraitinin tikintinin gedişatına necə təsir göstərə bilməsi; reaktor texnologiyası təchizatçısına daxil olmayan beynəlxalq istehsalçıların avadanlıqlarından istifadə; avadanlıq və tikinti materiallarının istehsalında lokallaşdırma səviyyəsi və AES-in tikintisinin planlaşdırıldığı yerlərdə tikinti təşkilatlarının iştirak dərəcəsi; ixtisaslı mütəxəssislər, yəni tikinti üçün insan resurslarının olub-olmaması və ya üçüncü şəxslərin maddi-texniki, maliyyə və digər xərclərin cəlb edilməsi zərurəti”.

Xatırladaq ki, 2023-cü ildə atom elektrik stansiyasının tikintisinin dəyəri 10-12 milyard dollar qiymətləndirilib. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, bir enerji blokunun dəyəri orta hesabla 5 milyard dollardır.

Musavat.com

Seçilən
23
musavat.com

1Mənbələr