Müxalif Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn istefa verib.
Teleqraf-ın xəbərinə görə, bundan sonra təşkilata onun müavini Qiyas Sadıqov rəhbərlik edəcək.
İstefasının səbəbləri barədə danışan P.Hüseyn bildirib ki, Azərbaycanda və dünyada yaranmış vəziyyət partiya sədri kimi deyil, müstəqil siyasətçi kimi fəaliyyət göstərmək zərurəti yaradıb: "Ona görə də belə bir addım atdım və Azərbaycan Xalq Partiyasının sədri səlahiyyətlərinin müavinim Qiyas Sadıqova ötürülməsi barədə sərəncam imzaladım. Mən artıq partiyaya rəhbərlik etmirəm. Hesab edirəm ki, müstəqil siyasətçi kimi daha geniş sahələrdə fəaliyyət göstərə bilərəm və bu daha effektiv olar".
Onun sözlərinə görə, bu ilin sonunadək AXP-nin qurultayının keçirilməsi planlaşdırılır: "Əgər orada sədr seçkisi gündəliyə daxil edilsə, yenidən namizəd olmaq fikrim yoxdur".
Xatırladaq ki, Pənah Hüseyn 28 oktyabr 1957-ci ildə Sabirabad rayonunun Qaraqaşlı kəndində anadan olub.
1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının Baş naziri vəzifəsində işləyib.
2005-ci il noyabrın 6-da 63 saylı Sabirabad birinci seçki dairəsindən III çağırış Milli Məclisinin deputatı seçilib.
P.Hüseyn 1998-ci ildə Azərbaycan Xalq Partiyasının təsisçilərindən olub, partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında sədr seçilib. O, 2005-ci ilin may ayında AXP Siyasi Şurasından və rəhbər orqanlarından istefa verib və sıravi partiya üzvü olaraq fəaliyyətinə davam edib.
2012-ci il oktyabrın 8-də AXP-nin II qurultayında yenidən sədri seçilmişdi.