İyun ayının birinci yarısını geridə qoymağımıza baxmayaraq, mövsümi meyvələr bazarda yüksək qiymətə təklif edilməkdədir.
Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, bahalığın əsas səbəblərindən biri bu il müşahidə olunan əlverişsiz hava şəraitidir.
“Bu il havaların uzun müddət sərin keçməsi, yağıntılar, dolu və güclü küləklər məhsuldarlığın azalmasına səbəb olub. Həmçinin havaların sərin keçməsi meyvələrin yetişməsini də gecikdirib. Nəticədə indiki şərait müşahidə edilir”, - o bildirib.
Nəsirli bazarda rəqabətin zəif olmasının da qiymətlərə təsir etdiyini qeyd edib:
“Qiyməti bazardakı tələb və təklif, yəni alıcı və satıcı münasibətləri formalaşdırır. Əsas rol burada rəqabətindir – amma təəssüf ki, bizdə rəqabət zəifdir”.