AZ

Toxumlar çürüyüb, aidiyyəti qurumlar susur - Goranboyda pambıq müəmması + VİDEO

Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Eldar Musayev ailəsinə məxsus torpaq sahəsində ciddi aqrar problemlərlə qarşılaşıb. 

Yenisabah.az-a müraciət edən şikayətçi bildirib ki, ailəsinə məxsus 2.70 hektar pay torpaq sahəsində Azərpambıq ASC-nin Goranboy PİTM-si ilə müqavilə əsasında pambıq bitkisi əkilib.

O, deyib ki, bu ilin mart ayının sonlarında məntəqədə toxum olmadığından özü və bir neçə nəfər Gəncə Pambıq Seleksiya İnstitutundan “Gəncə 160 elit” sortundan 784 kiloqram toxum alıblar. Əkinçi aprelin 3-də Məntəqəyə gedərək ərizə ilə müraciət edib və həmin tarixdə telefonla da məntəqə direktoruna zəng vuraraq xahişini çatdırıb.

“Xahiş etdim ki, mənim torpaq sahəsi qonşum arpa bitkisini suvarmaq istəyir. Bizim sahəyə su düşməmək üçün aprelin 10-na kimi pambıq səpinini başa çatdırsınlar”, – deyə o bildirib.

Lakin onun sözlərinə görə, səpin işləri yubanıb və yalnız may ayının əvvəllərində həyata keçirilib. Suvarma isə may ayının ikinci ongünlüyündə başa çatıb.

Şikayətçi deyib ki, nəticədə pambıq bitkisi zəif bitiş verib və bu problemin səbəbini araşdırmaq üçün 3 dəfə Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinə, rayon icra hakimiyyətinə və Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə müraciət edib.

O qeyd edib ki, üç dəfə müşahidə aparılıb, lakin sonuncu baxış zamanı mütəxəssislər səpin dərinliyində normaya uyğun toxum tapa bilməyiblər.

 İyunun 14-də özü sahədə araşdırma aparıb və 40-50 santimetr dərinlikdə 8-9 ədəd çürümüş pambıq toxumu aşkarlayıb. Onun sözlərinə görə, həmin ərazidən video çəkiliş edib çürümüş toxumların şəkillərini də Goranboy DAİM-in direktoruna və rayon icra hakimiyyəti başçısının aqrar sahə üzrə müavininə göndərib.

Buna baxmayaraq, aidiyyəti qurumlar  heç bir tədbir görməyib. 

Şikayətçi aidiyyəti qurumlara müraciət edərək məsələyə diqqət yetirilməsini və lazımi ölçü götürülməsini istəyir.

Əsmətxanım Rzazadə

 



Telegram kanalımız
Seçilən
6
1
yenisabah.az

2Mənbələr