Bildiyiniz kimi, 200 civarında dövlətin mövcud olduğu dünyada cəmi 9 nüvə dövləti var. Bunlar aşağıdakılardır: ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Hindistan, Pakistan, Şimali Koreya və İsrail.
Bunlara “nüvə klubu” deyirlər. İran bu klubun 10-cu üzvü olmaq istəyir, qoymurlar.
Çünki lap əzəldən İranın ritorikası yanlış olub. Rəsmi Tehran nüvə silahını özünümüdafiə məqsədilə yox, əsasən İsraili vurmaq üçün əldə etmək istədiyini gizlətmirdi. Ona görə də bu planı müqavimətlə üzləşir.
Bəlkə də İran heç bir dövlətlə intriqada, münaqişədə olmasa, vaxtaşırı qorxuducu, təhdidkar bəyanatlar yaymasa, necə deyərlər, başını aşağı salıb uranın zənginləşdirilməsi ilə məşğul olsa, o da Şimali Koreya və ya İsrail kimi nüvə silahına malik ola bilərdi.
Xatırladaq ki, nüvə silahı əldə edəndən sonra Şimali Koreyanın dili uzansa da, İsrail hələ də belə bir silaha malik olduğunu boynuna almır, amma onun davranışdan, arxayınlığından hamıya əyandır ki, İsrailin çoxdan belə bir silahı var. Zatən, olmasa, təəccüblü olardı. Çünki beynəlxalq mükafatlar almış nüvə fiziklərinin ən məşhurları məhz yəhudilərdir. Onlar isə vətənpərvərlikləri və yəhudi millətçisi olmaları ilə tanınırlar.
İsrailin nüvə dövləti olması barədə məlumat 1979-cu ildə yayılıb. Həmin il sentyabrın 22-də Afrikanın cənub sahilləri yaxınlığında “Vela” peyki adətən nüvə partlayışı ilə müşayiət olunan ikiqat şüalanma qeydə alıb. Ancaq İsrail və CAR nüvə silahının sınağını keçirdiklərini inkar edirlər.
İran isə son 45 ildə bir çox ölkələrlə qatı düşmənçilik münasibətindədir. Bunların başında İrandan biabırçılıqla qovulmuş ABŞ və Böyük Britaniya gəlir. Bu dövlətlərin İranda çox milyardlıq investisiya layihələri batıb, mülkiyyətləri İranın yeni hökuməti tərəfindən milliləşdirilib. Ona görə də onların düşmənçilikləri qarşılıqlıdır.
Bundan başqa, İran digər Avropa ölkələri ilə də ideoloji planda barışmaz mövqedədir, avropalıları “kafir” sayır, onların həyat tərzini “şeytana uymuşluq” adlandırır.
İranın İsrailə münasibəti haqqında uzun danışmağa ehtiyac yoxdur. Bu, hər kəsə bəllidir. Münaqişənin mayasında dinlə bağdaşdırılmış intriqalar var. İranlı ruhanilər “lənətlənmiş İsrail oğulları” ilə barışmaz mübarizə estafetini ərəblərdən alaraq öz əllərinə götürüblər və islam dövləti qurduqlarına görə hesab edirlər ki, bu “müqəddəs savaşı” məhz onlar aparmalıdırlar. Maraqlıdır ki, ərəb dövlətləri ard-arda İsraillə münasibətlərini normallaşdırdığı halda, İran dövləti gərginliyi artıra-artıra gəlib raket savaşına çıxıb.
O biri nüvə dövlətləri də ballistik raketlərini nüvə başlığı ilə heç də kefiköklükdən təmin etməyiblər. Onların hamısının önəmli səbəbləri, hücumundan çəkindikləri düşmənləri olub və var.
ABŞ nüvə silahını dünya ağalığına nail olmaq üçün əldə etmiş və ilk olaraq gücünü düşmən münasibətdə olduğu Yaponiyaya göstərmişdisə, SSRİ\Rusiya atom bombasını sırf ABŞ və Qərb dünyasının qarşısında əliyalın qalmaması üçün düzəltmişdi. Sonrakı illərdə ABŞ və SSRİ arasında gedən sürətlə silahlanma yarışı göstərdi ki, bu iki qüdrətli dövlət artıq bir-birindən ciddi şəkildə xoflanır.
1947-ci ildən sonra bir-birinə düşmən kəsilmiş, bir neçə dəfə qısamüddətli müharibələr aparmış Hindistan və Pakistan da sırf qarşılıqlı qorxudan və bir-birinin acığına nüvə silahına yiyələniblər. Bu ilin aprel-may aylarında bu iki dövlətin arasında baş verən hərbi konflikt göstərdi ki, onlardan birinin əlində nüvə silahı olmasaydı, digəri çox irəli gedərdi. Nüvə silahına sahiblik hər iki dövləti hərbi əməliyyatları daha da qızışdırmaqdan çəkindirdi.
Böyük Britaniya və Fransa nüvə silahını konkret bir düşmənə görə yox, ümumilikdə özlərini dünyanın hər tərəfində xüsusi hüquqlara malik qüdrətli dövlət saydıqları üçün əldə ediblər. Onların imperiya ambisiyaları tələb edir ki, həmişə güclü olsunlar və heç kəsin təhdidinə boyun əyməsinlər.
Çinin nüvə silahına malik olmaq arzusu həm ABŞ ilə apardığı intriqadan, həm də ötən əsrin 60-cı illərində SSRİ-dən gördüyü düşmənçilik aktlarından doğub. Təcrübə göstərir ki, fenomenal iqtisadi sıçrayışa imza atan bu dövlətin hərbi gücü bir az zəif olsaydı, onu “boğa” bilərdilər.
Əslində Şimali Koreyaya nüvə silahı lazım deyil. Pxenyanın ən böyük düşmən saydığı ölkə məhz soydaşlarının yaşadığı Cənubi Koreyadır. Koreya yarımadasının cənubundakı dövlət nüvə silahı sarıdan “əliyalın” olsa da, iqtisadi baxımdan dünyanın ən qüdrətli ölkələrinin ilk onluğuna daxildir. Nüvə silahı olan ŞKDR isə iqtisadi rifah baxımından dünyanın 200 ölkəsinin içində sonuncu onluqdadır.
“Nüvə”li Çinlə müttəfiq olan Şimali Koreya ABŞ və Yaponiya ilə də intriqadadır və tez-tez sınaqdan keçirdiyi ballistik raketləri Yapon dənizinə buraxaraq Tokionu qorxudur, Vaşinqtonu isə “narahat edir”.
Yaponiya özü isə nüvə silahının yarada biləcəyi faciələrin nə demək olduğunu dərindən bilən yeganə ölkədir. Hiroşima və Naqasaki kimi iki böyük şəhərinin 80 il öncə bombardmana məruz qalması nəticəsində yüzminlərlə vətəndaşını itirmiş Yaponiya nüvə silahı əldə etmək fikrindən uzaqdır.
Nüvə silahı ilə işi olmayan ölkələr sırasında Yaponiyanın 85 il əvvəlki müttəfiqləri Almaniya və İtaliya da var. Bu dövlətlər II dünya müharibəsində məğlub olduqdan sonra bir daha militarizm sevdasına düşməyiblər, nəyin bahasına olursa-olsun, nüvə silahı əldə etmək, yenidən dünyaya meydan oxumaq niyyəti sərgiləməyiblər.
Böyük dövlətlərdən, regional güclərdən olan Braziliya və Türkiyə də hələlik nüvə silahına ehtiyac duymur. Hər iki dövlətin silahlı qüvvələrin yetərincə güclüdür və istənilən xarici intervensiyanı nüvə silahı olmadan da dəf edə bilər. Cəmi bircə qonşusu olan Kanadanın da nüvə silahına ehtiyacı yoxdur. Ancaq ABŞ-nin yeni administrasiyasının təhdidləri bəlkə də Kanada hökumətini “daha effektiv hərbi qüdrətə malik olmaq” barədə düşündürür.
Bu müdhiş silah konfliktli materiklərdən uzaqlarda “bir ada-bir dövlət” olan Avstraliyaya da gərək deyil.
3 il 4 ay öncə Rusiyanın açıq hərbi təcavüzünə məruz qalan Ukraynanın acınacaqlı taleyi göstərdi ki, əslində qonşuluğunda neo-imperiya ambisiyası sərgiləyən aqressiv dövlət olan ölkələrin nüvə silahına ehtiyacı varmış. Əgər Ukrayna 29 il öncə öz nüvə silahlarını Rusiyaya təhvil verməsəydi, belə bir dağıdıcı müharibəyə düçar olmazdı.
1992-96-cı illərdə əlindəki nüvə silahlarını Rusiyaya təhvil verən Qazaxıstan Ukraynanın taleyini yaşamaq təhdidi altındadır. Nazarbayev həmin silahları ölkəsində saxlasaydı, bu gün Qazaxıstan dünyanın ən böyük nüvə arsenalına malik olan 4-cü ölkəsi olardı.
P.S. Gördüyünüz kimi, ana şəkildə "nüvə klubu"nun üzvü olan dövlətlərdən 8-i yer alıb, İsraili suyahıya salmayıblar.
Araz Altaylı, Musavat.com