İrandan İsrailə ballistik raketlər atılıb.
Senzor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
İsrail ərazisində hava hücumundan müdafiə sistemləri işə düşüb.
Mülki şəxslərə bomba sığınacaqlarına girmək və növbəti bildirişə qədər orada qalmaq tapşırılıb...
İranın İsrailin mərkəzi bölgələrinə ballistik raketlərlə hücumu nəticəsində 3 nəfər ölüb.
İsrailin Milli Tibb Xidmətinin məlumatına görə, raketlər müxtəlif bölgələrdə azı iki binaya düşüb. Təxminən 70 nəfərin yaralandığı bildirilir...
Gecə hücumu nəticəsində Hayfa şəhərində elektrik enerjisi stansiyası vurulub.
Şəhərin əsas enerji generatorlarına iki raket zərbəsindən sonra İsrailin mərkəzinə elektrik enerjisinin verilməsi dayandırılıb.
İran mətbuatı elektrik enerjisi stansiyasının vurulması anının və elektrik kəsintisinin baş verməsinin görüntülərini paylaşıb.
**
İsrailin Müdafiə Qüvvələri isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds Qanadının Tehranda yerləşən komanda mərkəzlərini vurub.
İsrail Müdafiə Qüvvələri mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, mərkəzlərdən "İran rejiminin Yaxın Şərqdəki nümayəndələri vasitəsilə İsrailə qarşı terror hücumlarını planlaşdırmaq üçün" istifadə olunur.
Paylaşılan illüstrasiyalarda ümumilikdə 10 məntəqəyə zərbələr endirildiyi qeyd olunur...
Bundan başqa, İsrail Tehranın 30 km-liyində yerləşən Parçin hərbi kompleksinə zərbələr endirib.
İran mətbuatı ərazidə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü əks etdirən görüntülər paylaşıb.
Xatırladaq ki, oktyabr ayında İsrailin hava zərbələrindən sonra Parçində nüvə tədqiqat obyektinin məhv edidiyi bildirilirdi...
İranın Fordo nüvə obyektinin yaxınlığında da güclü partlayış səsləri eşidilib.
Partlayışların İsrailin obyektə zərbələr endirməsi ilə əlaqədar olduğu güman edilir.
Qeyd edək ki, uran zənginləşdirmə obyekti İranın nüvə proqramının mühüm komponenti hesab edilir...
Bu arada adı açıqlanmayan İsrail rəsmisi “The Wall Street Journal”a bildirib ki, İranın yeraltı Natanz uran zənginləşdirmə obyekti İsrailin zərbələri nəticəsində çökə bilər.
Rəsmi onu da vurğulayıb ki, bunu müəyyənləşdirmək üçün əlavə qiymətləndirmələrin aparılması tələb olunur.