Hindistanlı yeniyetmə Suhas Gopinath hələ 14 yaşında olanda dostları futbol oynadığı vaxt o, internet kafedə proqramlaşdırma öyrənirdi.
Valyuta.az xəbər verir ki, bu maraq onu 2000-ci ildə öz IT şirkətini – “Globals Inc."i yaratmağa apardı.
Beləliklə, Suhas dünyanın ən gənc CEO-su kimi tarixə düşdü.
İlk saytını sadə HTML bilikləri ilə quran Suhas qısa müddətdə beynəlxalq müştərilərlə işləməyə başladı. ABŞ və Avropada böyük layihələr aldı və öz ofislərini xaricdə də qurdu. Hələ məktəb partasında oturarkən, artıq beynəlxalq biznes danışıqlarında iştirak edirdi.
O, Botanqaloredəki Ramaiah Institute of Technologydə mühəndislik üzrə təhsil alıb, daha sonra Harvard Universitetində liderlik proqramlarında iştirak edib. Suhas həmçinin Dünya İqtisadi Forumunun “Gənc Qlobal Liderlər” proqramına seçilib və 2009–2011-ci illərdə Dünya Bankının İT üzrə müşavir heyətində təmsil olunub.
Texnoloji təşəbbüslərini genişləndirən Suhas 2017-ci ildə maliyyə texnologiyası sahəsində “HappyEMI” adlı yeni startap təsis edib. “Globals Inc.” bu gün ABŞ, Kanada, Almaniya, İtaliya, Böyük Britaniya və Hindistanda ofisləri olan beynəlxalq bir IT xidmətləri şirkətinə çevrilib.
Suhas Gopinathın şəxsi sərvəti müxtəlif mənbələrə əsasən 1–5 milyon ABŞ dolları civarındadır. Bəzi mənbələr bu rəqəmi 49 milyon dollar kimi təqdim etsə də, bu qiymətləndirmə daha az etibarlı hesab olunur. Sərvətindən daha önəmlisi isə onun texnologiyaya marağı ilə qlobal nüfuz qazanmasıdır.
Suhasın hekayəsi bir kompüter həvəsinin necə dünya səviyyəli biznesə və nüfuzlu liderliyə çevrilə biləcəyini göstərir.
Mayya Hüseynova