AZ

Google DeepMind rəhbəri: “Süni intellekt bizi beş ilə qalaktikanın kolonizasiyasına yaxınlaşdıracaq”

Texnologiya nəhəngi Google DeepMind laboratoriyasının baş direktoru, britaniyalı tədqiqatçı Demis Hassabis yaxın 5–10 il ərzində süni ümumi intellektin (AGI) yaradılması ehtimalını 50 faiz olaraq qiymətləndirir. O, hesab edir ki, bu texnologiya reallığa çevrildiyi təqdirdə, bəşəriyyət tarixində yeni bir dövrün – ulduzlara doğru səyahətin və qalaktik kolonizasiyanın başlanğıcı ola bilər.

Wired nəşrinə verdiyi açıqlamada Hassabis qeyd edib ki, 2030-cu ildən etibarən insanlıq "maksimum rifah və imkanlar erasına" qədəm qoya bilər. Onun fikrincə, AGI-nin tətbiqi təkcə texnoloji sıçrayış deyil, həm də sosial-iqtisadi dəyişikliklər üçün əsas olacaq.

“Radikal bolluq” dövrü
Demis Hassabis bildirir ki, AGI texnologiyası sağlamlıq, enerji və ətraf mühit kimi fundamental sahələrdə qapalı qalan sirləri açmaq gücünə malik olacaq. Eyni zamanda, o, mövcud kapitalist sistemin doğurduğu resurs qeyri-bərabərliyi və kasıblıq problemini aradan qaldıra biləcəyinə inanır.

Hassabisin vizyonuna görə, AGI radikal bolluq erasını mümkün edəcək. Bu isə bəşəriyyətin uzunmüddətli problemlərini – istər xəstəliklər, istər iqlim böhranı, istərsə də sosial bərabərsizlik – yeni yanaşmalarla həll etməyə şərait yaradacaq.

AGI nədir?
Xatırladaq ki, AGI (Artificial General Intelligence) – insan kimi düşünə bilən, müxtəlif sahələrdə geniş idrak qabiliyyətinə sahib, tapşırıqları təlimsiz şəkildə yerinə yetirə bilən süni intellekt texnologiyasıdır. Mövcud süni intellekt sistemlərindən fərqli olaraq, AGI tək bir ixtisasa deyil, ümumi və çevik zəkaya əsaslanır.

Hazırda AGI-nin elmi və texnoloji baxımdan hələ tam reallaşmadığı qəbul edilsə də, bir çox aparıcı tədqiqatçılar onun yaxın onillikdə mümkün ola biləcəyini düşünürlər.

Bu açıqlamalar texnologiyanın insan həyatına və bəşəriyyətin gələcəyinə təsiri ilə bağlı qlobal diskussiyaları yenidən alovlandırıb. AGI gerçəyə çevrildikdə, artıq bu, yalnız texnologiya deyil, həm də sivilizasiya səviyyəsində dönüş nöqtəsi olacaq.

S.ELAY

XQ

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr