AZ

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Bakı, 16 iyun, AZƏRTAC

İranın İsraili ballistik raketlə vurması nəticəsində Hayfa şəhərində növbəti dəfə böyük dağıntılar əmələ gəlib.

AZƏRTAC İran Silahlı Qüvvələrinin yaydığı məlumata əsasən xəbər verir ki, raketlər şəhərdəki hərbi bazalara yönəlib. Hayfa şəhərində “Rafael” aerokosmik şirkətinin zavodu raket atışlarına məruz qalıb. Bu zavodda pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal olunur. Bununla yanaşı Təl-Əviv şəhərindəki Ben Qurion Hava Limanına da raket düşüb. CNN televiziyası İsraildən verdiyi reportajda əhalinin şəhərləri tərk etdiyi bildirilib. Raketlərdən biri sinaqoqa düşüb.

Təl-Əvivin mərkəzi meydanında bir qrup insan hərbi əməliyyatlar əleyhinə aksiya keçirməyə cəhd edib. İsrail polisinin verdiyi məlumata əsasən, ölkədə fövqəladə vəziyyət davam etdiyindən kütləvi aksiya keçirmək qadağandır. Aksiya dağıdılıb və 2 nəfər həbs edilib.

Axşam saatlarında İsrail də Tehranı bombalamağa davam edib. Əhali şəhəri tərk edərək şimal rayonlarına axın edir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, Tehran Amerikanın İranın nüvə proqramının məhdudlaşdırılması ilə əlaqədar irəli sürdüyü təklifi qəbul edərsə İsrail hərbi əməliyyatları dayandıracaq.

B. Netanyahu müsahibəsində rəsmi Vaşinqtona müraciət edərək İsrailə “bunker buster” tipli bomba verməsini xahiş edib. O bildirib ki, bu bomba ilə İranın Fordo hərbi bazasını vurmaq lazımdır. Bu hərbi hissədə İran nüvə texnologiyası saxlanılır və baza yerin aşağı qatlarında yerləşir.

Bu saatlarda İsrail Tehrana növbəti raket zərbələri endirib. İranın Xarici İşlər Nazirliyinə düşən raketin partlaması nəticəsində 5 nəfər diplomatın həlak olduğu bildirilir. Eyni zamanda İranın Hürrəməbad şəhərindəki hərbi poliqon raket zərbəsinə məruz qalıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, general Möhsün Rezayi dövlət televiziyasında çıxış edərək bildirib ki, müharibə bir neçə həftə davam edəcək: “İran hələ özünün strateji silahından istifadə etməyib və biz İsrail üzərində tam qələbə çalmayınca müharibəni dayandırmayacağıq”. General qeyd edib ki, “Fatah-2” və “Khor Mashhar” raketləri 2 tonluq başlığa malikdirlər və bunlardan istifadə İsrailin faciəsi ola bilər.

Seçilən
35
4
azertag.az

5Mənbələr