AZ

İranda rejim ilk dəfə çökmə həddinə çatıb

İsrailin İrana müharibə elan etməsindən sonra Tehran rəhbərliyinin verəcəyi reaksiya dünya ictimaiyyəti tərəfindən narahatlıqla izlənir. “Haber Global”a danışan məşhur Orta Şərq mütəxəssisi, professor Xalid Fahmiyə görə, İsrail region tarixində bir ilki reallaşdırır. İsrail ilk dəfə “rejim çökdürmə müharibəsi”nə başlayıb.

Sherg.az xəbər verir ki, İsrailin İrana qarşı müharibə elan etməsi və Tehranı iflic edən hava hücumları bütün dünyanın diqqətini İranın verəcəyi cavaba yönəldib. Başda BMT Təhlükəsizlik Şurası olmaqla, beynəlxalq təşkilatlar və ictimaiyyət müharibənin dayandırılması üçün çağırış edirlər. Gərginliyi “Haber Global Web Özel”ə dəyərləndirən dünyaca tanınmış Orta Şərq tarixçisi, misirli alim professor Xalid Fahmiyə görə, İsrail ilk dəfə “rejim çökdürmə müharibəsi”nə start verib. Müharibənin ideoloji bir “ölüm-dirim mübarizəsinə” çevrildiyini vurğulayan Fahmi, İsrailin getdikcə daha da təcavüzkarlaşdığını da qeyd edir. Məşhur misirli tarixçidən olduqca diqqətçəkən təhlillər:

REJİM ÇÖKDÜRMƏ MÜHARİBƏSİ

“İran bölgədə məzhəb əsasında təsir sahələri yaratmağa çalışarkən bu, əsrlərə yayılmış bir tarix yazımı savaşıdır. İsrailin siyasəti isə 1950-ci illərdən bəri varlığını genişləndirərək davam etdirmək üzərində qurulmuşdu və bu, Orta Şərq xalqlarının yaddaşına həkk olunmuşdu. Ancaq indi tarix qırılır. İran İsrailə qarşı asimmetrik mübarizəsini səbirli şəkildə davam etdirəcək, çünki digər sahələrdə ciddi zəifliklər mövcuddur. Məsələn, ölkənin komanda mərkəzi faktiki olaraq çökmüş vəziyyətdədir. İran ilk dəfə rejimin dağılması riski ilə üz-üzə qalıb. İranın ABŞ bazalarına qarşı aşağı intensivlikli hücumları, vasitəçi qüvvələrlə həyata keçirdiyi hədəf yönlü əməliyyatları və enerji yollarını təhdid edən hərəkətləri davam edəcək. Ancaq görünən odur ki, artıq Şiə Hilalı sona çatır. Rejim daxildən iflic edilir və bu səbəblə bu münaqişə əvvəlki ərəb-İsrail müharibələrinə bənzəmir. İsrail Orta Şərq tarixində olmayan bir müharibə müstəvisi yaratdı. Torpaq üçün deyil, rejimləri çökdürmək məqsədilə aparılan yeni bir müharibə. Buna görə də bu müharibədən sonra bölgədə heç nə əvvəlki kimi olmayacaq.”

ÖLÜM-DİRİM MÜBARİZƏSİ

“1979-cu ildə İranda qurulan İslam rejimi necə ki ABŞ-ın bölgədəki nizaminə qarşı bir meydan oxuma kimi dəyərləndirilmişdisə, bu gün yaşanan böhran da həmin meydan oxumanın davamı kimi bölgəyə təsir edəcək. İranın Şiə geosiyasətini genişləndirmə strategiyası, İsrailin bölgədə yeganə təhlükəsizlik arxitekturasını qurma strategiyası ilə toqquşur. İran özünün 'müqavimət' adlandırdığı xarici siyasətində tək deyil – İraq, Suriya, Yəmən və Livan kimi ölkələrdə güclü şiə nüfuzu mövcuddur. Bu dağınıqlıq səbəbilə bu proses əvvəlki ərəb-İsrail müharibələrinin əksinə olaraq tək mərhələdə nəticələnməyib, daimi və parçalanmış şəkildə davam edib. İndi isə başlanğıca qayıdılıb – bu müharibə artıq bir strategiya deyil, tarixi mübarizənin təzahürüdür. Beləliklə, bu yalnız hərbi deyil, həm də tarixi və ideoloji baxımdan ölüm-dirim savaşına çevrilmə riski daşıyır.”

İSRAİL GETDİKCƏ QƏDDARLAŞIR

“İsrailin hücum vaxtlaması da kritikdir. Baş nazir Benyamin Netanyahu ABŞ-ın daxili siyasi problemlərlə məşğul olduğu, Ukraynada davam edən müharibənin Avropada yeni müdafiə konsepti və narahatlıq yaratdığı, ABŞ və Çin arasında isə Sakit okean bölgəsində gərginliyin artdığı bir qlobal boşluq dönəmindən faydalanıb. İsrail, məncə, qlobal strateji səhnədən yavaş-yavaş çəkilən ABŞ-ı yenidən İran təhdidinə fokuslamaq, başda Səudiyyə Ərəbistanı olmaqla bölgədəki müttəfiqlərə mesaj göndərmək və rejimi birbaşa hədəf alaraq İranda artmaqda olan demokratikləşmə tələblərini üzə çıxarmaq məqsədilə bu savaşı başlatdı. Ancaq İsrail təkbaşına hərəkət etdikcə daha da təcavüzkar bir dövlətə çevrilir.”

RUSİYA VƏ ÇİNƏ YAXINLAŞACAQ

“İran bu mərhələdə özünü "imperializmə qarşı dirənişin simvolu" kimi önə çıxarma siyasətinə başlayacaq. Tehran Latın Amerikası, Afrika, Çin və Rusiya üzərindən diplomatik və media hücumları ilə legitimlik mübarizəsi aparacaq. Rusiyayla və Çinlə daha konkret və güclü hərbi əməkdaşlıqlara girmə ehtimalı da yüksəkdir.”
Seçilən
4
1
sherg.az

2Mənbələr