AZ

Güləşçilərimiz bir dəst medalqazandılar

Azərbaycan sərbəst güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatının son günündə bir dəst medal qazanıblar.

Redaktor.az xəbər verir ki, bu gün 45, 51, 60, 71 və 92 kq-da qaliblər müəyyənləşib.

Ömər Usubov (45 kq) bürünc medal görüşündə ermənistanlı Aren Piruzyana 2:12 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə türkiyəli Buğra Kavakı çətinliklə də olsa, üstələməyi bacarıb – 2:1. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Vahan Azaryana gücünü göstərib – 10:6.

Həsən Həsənov (60 kq) finalda ukraynalı Zorab Aloyevlə gərgin keçən mübarizədə minimal fərqlə (4:5) uduzub və gümüş medalı boynundan asıb.

Səid Paşayev (92 kq) isə həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gəlib. Nəfəskəsən mübarizədən 6:5 hesablı qələbəylə ayrılan Paşayev növbəti dəfə Avropa çempionu olub. Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsü ünvanına sahib çıxan Səid bu dəfə eyni uğura sərbəst güləşdə imza atıb.

Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Rəvan Həsənzadə (48 kq) və Ruslan Əlizadə (55 kq) çempion olub, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutub.

222
Seçilən
15
8
redaktor.az

10Mənbələr