AZ

Azərbaycanın əsas duruşu – hisslərdən uzaq, dövlət ağlı ilə

Azərbaycanın əsas duruşu – hisslərdən uzaq, dövlət ağlı ilə

İsrail-İran Münaqişəsində bizi, təbii ki, narahat edən iki ciddi amil var:

1. İranla ortaq sərhədimizin olması,
2. Oradakı tarixi torpaqlarımızda yaşayan milyonlarla soydaşımız olan Azərbaycan türklərinin taleyi.

Uzun müddətdir ki, Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər, xüsusilə İran və İsrail arasında artmaqda olan gərginliklə bağlı danışarkən, xüsusilə vurğulayırdım ki, bu proses Cənubi Qafqaz regionuna təsirsiz ötüşməyəcək.
Azərbaycan bu proseslərin tam mərkəzində yerləşən bir dövlət kimi həm risklərlə, həm də diplomatik manevr imkanları ilə üz-üzə qalacaq.

Azərbaycanın İsraillə strateji əməkdaşlığı, xüsusilə müdafiə sənayesi, təhlükəsizlik və yüksək texnologiyalar sahəsində – təkcə iki dövlət arasındakı münasibətlərin deyil, həm də regionda formalaşmaqda olan yeni siyasi reallıqların göstəricisidir. Və bu münasibətlər inkişaf etdikcə
İran tərəfindən zaman-zaman sərt ritorikalarla qarşılanırdı. Tehran bu əlaqələri öz təhlükəsizliyinə təhdid kimi dəyərləndirir və sərhəddə keçirdiyi hərbi təlimlərlə narahatlığını nümayiş etdirirdi.

Digər tərəfdən, 44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv davranışlar, o cümlədən səfirliyimizə qarşı törədilmiş terror aktı, iki ölkə arasındakı münasibətləri kifayət qədər gərginləşdirmişdi. Sadəcə son zamanlar, milliyyətcə türk olan Pezəşkiyanın prezidentliyə gəlişi bu münasibətləri yumşaltmağa yönəlmiş müəyyən addımlar atmağa imkan yaradıb.

Lakin faktiki mənzərə budur:
Biri sənə dostluq edən, amma beynəlxalq hüququ heçə sayan bir tərəf, digəri isə qonşun olan, lakin sənə qarşı daim “səssiz düşmən” mövqeyi sərgiləyən bir ölkədir.

Bəs Azərbaycan bu gərginlikdə necə bir mövqe sərgiləməlidir?

Mənim düşüncəmə görə, Azərbaycan nə İsraillə münasibətlərindən vaz keçməli, nə də İranla münasibətləri gərginləşdirməlidir.
Əksinə, hər iki istiqamətdə dialoq və şəffaf kommunikasiya ön plana çəkilməlidir. Azərbaycan gərginliyin azaldılması və diplomatik vasitəçiliyin təşviqi baxımından aktiv rol oynamalıdır.

Milli təhlükəsizlik strategiyalarını təkmilləşdirmək, enerji və sərhəd təhlükəsizliyini prioritet kimi saxlamaq yalnız bu yolla mümkündür.

Bununla yanaşı, Türkiyə və Türkmənistanla təcili şəkildə ortaq regional təhlükəsizlik platformalarının yaradılması vacib və təxirəsalınmaz məsələdir.

Azərbaycan üçün ən həssas məsələlərdən biri də İranda yaşayan milyonlarla soydaşımızın – Azərbaycan türklərinin taleyidir.

Burada xüsusi olaraq qeyd edilməlidir ki, İran–İsrail qarşıdurması Güney Azərbaycan uğrunda gedən bir mübarizə deyil. Bu, iki dövlət arasında geosiyasi və hərbi səviyyədə baş verən qarşıdurmadır. Bu üzdən şüar siyasətindən kənar, rasional yanaşamlar sərgilənməlidir.

Unutmaq lazım deyil ki, bu kimi vəziyyətlərdə Tehranın ənənəvi siyasəti – daxili narazılığı və təzyiqləri etnik azlıqlar üzərinə yönəltmək taktikası Güney Azərbaycandakı soydaşlarımız üçün birbaşa təhlükə yarada bilər. Ona görə də, bu proseslərə biganə qalmaq mümkün deyil.

Azərbaycan dövləti bu kontekstdə həm beynəlxalq platformalarda, həm də ikitərəfli diplomatik kanallarda soydaşlarımızın hüquqlarının müdafiəsinə xüsusi önəm verməlidir.
İnsan hüquqları kontekstində etnik azlıqların təhlükəsizliyi və mədəni haqları məsələsi prioritet olaraq müdafiə olunmalı və beynəlxalq ictimaiyyət bu məsələyə cəlb edilməlidir.

Biz daha həssas və ağıllı bir duruş sərgiləməliyik – dövlət və vətəndaş olaraq.

Biz neytrallığı hər sahədə qorumalıyıq.

Nə İrana qarşı düşmən mövqedə dayanmalı, çünki qonşumuzdur, nə də İsrailə qarşı həddən artıq sevgi eyforiyasına qapılmalıyıq, çünki beynəlxalq hüquq normalarını pozur.

Heç bir tərəfə hissi yanaşmamalıyıq.
Bütün özünə hörmət edən dövlətlər kimi, maraqlarımıza və strateji mövqeyimizə uyğun hərəkət etməliyik.

ANAR ƏSƏDLİ

Seçilən
16
busaat.az

1Mənbələr