İsrail yaxın günlərdə İrandan daha çox raket hücumu gözləyir.
Musavat.com xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Efi Defrin brifinqdə bildirib.
O, ölkə əhalisini xəbərdar edib ki, hərbi qüvvələr yaxın günlərdə İran tərəfindən raket hücumlarının davam edəcəyini gözləyir:
“Qarşıda hələ çətin günlər var. Yaxın günlərdə yeni atəşlər və zərbələr olacaq”.
Defrin əhalini hərbçilərin göstərişlərinə ciddi əməl etməyə və ilk tələbdə sığınacaqlara üz tutmağa çağırıb.
General vurğulayıb ki, sığınacaqlarda qalmaq vətəndaşların həyatını yüksək ehtimalla qoruyur. “Son günlər arxa komandanlığın göstərişinə uyğun olaraq mühafizə olunan ərazilərdə olanlara heç bir zərər dəymədiyinə dair aydın sübutlar gördük. Vurğulayıram: İranın hücumları davam edir. Yaxın günlərdə əlavə zərbələr ola bilər”, – əlavə edib.
Bu brifinqdən qısa müddət sonra İsrailin mərkəzi və şimal hissələrinin bir çox rayonlarında İran tərəfindən raket hücum təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib. Bu, eskalasiyanın başlanğıcından bəri gündüz saatlarında baş verən ilk hücumdur. İrana məxsus raketlər indiyədək əsasən gecə saatlarında İsrailə doğru atılıb. Hücumdan sonra İsrail ordusu bildirib ki, bu dəfə İrandan bir neçə raket atılıb və onların əksəriyyəti vurulub. Hələlik zərbələr, qalıqların düşməsi və dağıntılar barədə məlumat daxil olmayıb.
Musavat.com