"Dünyanın ən populyar ani mesajlaşma tətbiqi" olan WhatsApp, Android istifadəçiləri üçün yeni bir funksiyanı sınaqdan keçirir.
Valyuta.az xəbər verir ki, tətbiqin "2.25.18.29" kodlu beta versiyasında sənəd skan etmə funksiyası aşkarlanıb. Bu xüsusiyyət artıq bir müddətdir ki, iPhone-larda mövcuddur.
Yeni funksiyanın tətbiqi ilə Android istifadəçiləri artıq əlavə tətbiqlərə ehtiyac olmadan "WhatsApp" vasitəsilə birbaşa sənəd skan edib fərdi və ya qrup söhbətlərində paylaşa biləcəklər. Hal-hazırda sənəd skan etmək telefon kameraları ilə mümkündür, lakin bu funksiyanın "WhatsApp"a inteqrasiya olunması istifadəçilər üçün daha rahat alternativ yaradacaq.
Yeni imkan tətbiqin daxilində söhbət ekranında "sənəd göndər" seçimindən istifadə edildikdə görünəcək. Burada “scan document ” adlı yeni düymə təqdim olunacaq. İstifadəçilər bu seçim vasitəsilə sənədləri həm avtomatik, həm də əl ilə skan edə biləcəklər.
Hazırda bu funksiya yalnız beta test mərhələsindədir və "Meta" şirkəti tərəfindən rəsmi açıqlama verilməyib. Bu səbəbdən Android istifadəçilərinin funksiyanın stabil versiyada istifadəyə verilməsi üçün bir qədər də gözləməli olacaqları bildirilir.
Sərvanə Rəmixanova