AZ

Çin səfiri: Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələyə qədəm qoyub

ŞUŞA, 15 iyun. TELEQRAF

"Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələyə qədəm qoyub".

Teleqraf xəbər verir ku, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq partiyalararası konfransda çıxış edərək deyib.

Səfir tədbirdə Çin Kommunist Partiyasının nümayəndəsi qismində iştirak etməyin onun üçün şərəf olduğunu bildirib.

Səfir dünyada baş verən dəyişikliklərin beynəlxalq sabitliyə təsirindən danışaraq qeyd edib ki, dünya yeni və qeyri-sabit bir transformasiya mərhələsinə daxil olub.

“Beynəlxalq mühitdəki dərin dəyişikliklər siyasi partiyaların və siyasətçilərin məsuliyyətini artırır. Onlar ictimai rəyin aparıcı qüvvəsi kimi çətinlikləri aradan qaldırmalı, böhranları fürsətə çevirməli və islahatlara öncüllük etməlidirlər”, - deyə o, bildirib.

Lu Mey süni intellekt texnologiyalarının sürətli inkişafına da toxunub və bu sahənin gələcəkdə qlobal idarəçiliyin əsas mövzularından birinə çevrildiyini vurğulayıb:

“Çin hər zaman süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın tərəfdarı olub. Məqsəd bu texnologiyaların bütün bəşəriyyətin rifahına xidmət etməsini təmin etməkdir”.

Səfir xatırladıb ki, 2023-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülən “Süni İntellektin İdarəedilməsi üzrə Qlobal Təşəbbüs” insan mərkəzli, izlənilə bilən və etibarlı texnologiyaların inkişafını qarşıya məqsəd qoyur.

Lu Mey Çin ilə Azərbaycan arasında münasibətlərə də toxunaraq ölkələrin diplomatik əlaqələrinin qurulmasından ötən 33 ildə tərəfdaşlığın sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayıb:

“Son illərdə Si Cinpin və İlham Əliyevin strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan əlaqələri yeni mərhələyə keçib. Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı tərəflər arasında ‘Hərtərəfli Strateji Tərəfdaşlıq münasibətlərinin qurulması haqqında’ Birgə Bəyanat imzalandı. Bu, ikitərəfli münasibətlərdə yeni bir tarixi mərhələnin başlanğıcıdır”, - deyə səfir qeyd edib.

Diplomat, həmçinin siyasi partiyalararası münasibətlərin ikitərəfli əməkdaşlıqda mühüm yer tutduğunu bildirib: “Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə institusional əməkdaşlığa böyük önəm verir. Hər iki partiya liderlərin strateji vizionunu reallaşdırmaq üçün ardıcıl addımlar atır. Mövcud Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığı dərinləşdirməyə və qarşılıqlı əlaqələri daha da inkişaf etdirməyə hazırıq”.

Səfir çıxışının sonunda Çin-Azərbaycan əməkdaşlığının davamlı inkişafına töhfə verməyə, partiyalar arasında dialoqu və təmasları daha da genişləndirməyə sadiq olduqlarını bildirib.

Seçilən
5
teleqraf.com

1Mənbələr