BAKI, 15 iyun. TELEQRAF
Azərbaycanda olan UFC döyüşçüsü Xalil Rauntri və komandası videosüjet hazırlayıb.
Teleqraf xəbər verir ki, videosüjetdə ABŞ idmançısı UFC döyüşlərinin təşkil olunacağı Bakı Kristal Zalı və şəhərin özü ilə bağlı təəssüratlarını bölüşüb.
O, turnirin təşkil olunacağı məkanın heyranedici olduğunu söyləyib: "Bura çox gözəldir. Ürək döyüntülərim artdı. İnanılmazdır. Zalın bu qədər möhtəşəm olacağını təsəvvür etmirdim. Şərh edə bilmirəm. Bura çox genişdir. Azarkeşlər üçün oturacaqlar xeyli saydadır. Tribunalarla rinq arasında məsafə qısadır".
35 yaşlı idmançı Bakıdaı turnirdə iştirak edəcəyi üçün xoşbəxt olduğunu bildirib: "Bakını mirvariyə bənzədərdim. Buranın havası çox yaxşıdır. Dostum Kristianla "Bakının mənzərəsindən necə bezmək olar?" deyə danışırdıq. Bu mənzərədə gecə və səhərlər qaçıram. UFC-nin kommersiya direktoru Hanter Kempbellə məni buraya dəvət etdikləri və əsas döyüşün iştirakçısı etdikləri üçün təşəkkür etdiyimi yazmışam. Bakıda döyüşəcəyim üçün özümü xoşbəxt hiss edirəm. İyunun 21-ni səbirsizliklə gözləyirəm".
Rauntri Camaal Hillə döyüşə hazırlaşdığını vurğulayıb: "Bakıya gəldiyimiz andan yerli saata uyğunlaşmağa çalışıram. Demək olar ki, hər gün məşq edirəm. 3-4 gündən sonra saat fərqini hiss etmirəm. Adaptasiyam rahat keçir".
O, yerli azarkeşlərə təşəkkürünü bildirib: "Məni görən hər bir azarkeş isti münasibət göstərir. Onların sayəsində zamanım xoş keçir. Hələ bir həftəm var. Sizi çox sevirəm, ən yaxşısınız!"