AZ

“Şuşa Bəyannaməsi Böyük Zəfərin yaratdığı reallığın təntənəsidir”

2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda tam yeni reallıq yarandı. Bu reallıq həm də qalib ölkə kimi Azərbaycanın strateji təhlükəsizlik tədbirləri görməsini şərtləndirdi. 2021-ci il iyun ayının 15-də qardaş Türkiyə ilə birgə imzalanan tarixi Şuşa bəyannaməsi də yeni reallığın tərkib hissəsi idi. Bu sənəd təbii ki, ilk növbədə Azərbaycanla Türkiyə arasında münasibətlərdə mühüm dönüş nöqtəsi oldu. Bəyannamə həm ikitərəfli, həm regional münasibətləri, eyni zamanda Türk Dünyası ilə bağlı müddəaları özündə ehtiva edir. Tərəflər tarixi Qars müqaviləsi başda olmaqla bir çox strateji müqavilələrə istinad edərək yeni mərhələdə yeni əməkdaşlığın konturlarını müəyyən etdilər. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”

Şuşa bəyannaməsi ilə Bakı-Ankara ikitərəfli münasibətlərin pik nöqtəsinə çatdı. İki qardaş ölkə regionun gələcəyi ilə bağlı baxışlarının eyni olduğunu təsdiqləmiş oldular.

Bəyannamədə siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, enerji, humanitar, media çoxşaxəli əməkdaşlıq istiqamətləri əks olunub. Bununla iki qardaş ölkə siyasət, iqtisadiyyat, müdafiə sahələrində imkanlarını və potensialını birləşdirmiş oldu.

Sənəddə də qeyd olunduğu kimi, hərbi sahədə əməkdaşlıqda müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə təlimlərin keçirilməsi, bununla da silahlı qüvvələrimizin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması nəzərdə tutulur. Hətta “Türkiyə və Azərbaycan digər dost dövlətlərin orduları ilə hərbi təlimlərin təşkilinə dəstək verəcək” ifadəsi də sənəddə yer alıb. Bu isə o deməkdir ki, Azərbaycan və Türkiyə hərbi əlaqələrin coğrafiyasını genişləndirirərək, bu əməkdaşlığı bütövlükdə türk dünyasına təsir edəcək səviyyəyə qaldırıb. Əsas məsələ isə ondan ibarətdir ki, bu hərbi əməkdaşlıqlar üçüncü ölkələrə qarşı yönəlməyib. Şuşa bəyannaməsi bu əməkdaşlığın heç bir halda aqressiv və destruktiv məqsəd daşımadığı mesajını verir. Amma burada bir həssas məqam var. Belə ki, bəyannaməyə əsasən, tərəflərdən birinə qarşı hər hansı təhdid və ya hücum zamanı iki ölkənin birlikdə çevik və qətiyyətlə hərəkətə keçməsi nəzərdə tutulur.

Ölkələrimiz müdafiə sənayesi sahəsində birgə istehsal və texnologiya mübadiləsinə xüsusi diqqət yetirir. İki ölkə arasında bu münasibət təkcə müharibə və ya təhlükə zamanı qurulmayıb. Sənəddə hər iki ölkənin təhlükəsizlik şuralarının heç bir təhdid olmasa belə, milli təhlükəsizliklə bağlı məsələlərə dair mütəmadi toplantılar keçirməsi, bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.

Tarixi Şuşa Bəyannaməsi həm də beynəlxalq əhəmiyyət daşıyır. Belə ki, sənəddən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qardaş ölkələr həmçinin informasiya cəbhəsində təcrübə mübadiləsini artıraraq, diplomatik səyləri birləşdirməkdədir. Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlıq bütün parametrlər üzrə inkişaf etdirilir. Birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələr genişləndirilir, strateji məsələlər üzrə birgə qərarlar qəbul edilir. Təsadüfi deyil ki, bəyannamənin imzalanmasından sonra Şuşada 15 iyun tarixində ənənəvi olaraq konfranslar təşkil olunur. Elə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü də 2024-cü ilin iyununda məhz Şuşada baş tutmuşdu.

Ümumiyyətlə, bu əməkdaşlığın yeni mərhələsi kontekstində Qarabağ vəı şərqi Zəngəzurun bərpasında qardaş ölkənin iştirakını xüsusi qeyd etməliyik. Belə ki, Qarabağda aparılan bərpa-quruculuq işlərində türk şirkətləri fəal iştirak edir. Dövlət başçımızın da söylədiyi kimi, “bu gün biz bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyini görürük." Təsadüfi deyil ki, azad olunmuş ərazilərdə inşa olunan 3 beynəlxalq hava limanının açışlış mərasiminə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb.

Bir sözlə, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə çox uğurlu əməkdaşlıq modeli təqdim edib. Bu uğurlu əməkdaşlıq ikitərəfli münasibətləri dərinləşdirməklə yanaşı bütövlükdə regionda və türk dünyası coğrafiyasında sabitlik və rifahı təmin etməkdədir.

Seçilən
9
news365.az

1Mənbələr