AZ

Trampdan geri addım

Farsdilli işçilərini inzibati məzuniyyətə çıxaran “Amerikanın Səsi” İran-İsrail münaqişəsinin başlamasından sonra əməkdaşlarını tələsik geri çağırıb.

“The New York Times”ın (NYT) məlumatına görə, “Amerikanın Səsi” İran-İsrail münaqişəsinin başlamasından sonra cümə günü fars dilində yayımını bərpa edib. Bildirilir ki, inzibati məzuniyyətə çıxarılan onlarla əməkdaş geri çağırılıb.

NYT tərəfindən nəzərdən keçirilən e-poçtda “Amerikanın Səsi”nin farsca danışan əməkdaşlarından “dərhal öz vəzifələrinə qayıtmaları” xahiş olunur.

“Amerikanın Səsi”nin fars xəbər xidmətinin 100-ə yaxın işçi heyəti var ki, onların da yarısı tam ştatlıdır. Prezident Donald Trampın mart ayında “Amerikanın Səsi” Fars radiosunun bağlanması barədə göstəriş verdikdə onların hamısı inzibati məzuniyyətə göndərilmişdi. NYT xəbər verir ki, bütün tam ştatlı işçilər geri çağırılıb.

Vaşinqton tərəfindən maliyyələşdirilən “Amerikanın Səsi”nin farsca internet saytı da dünən (iyunun 13-də) İsrail-İran münaqişəsinə həsr olunmuş xəbərlərlə yenilənib.

NYT, mart ayında kəsilmədən əvvəl gündə dörd saatdan çox farsca proqramın İrana həsr edildiyini bildirib.

“Amerikanın Səsi”ndən işdən çıxarılan jurnalist Patsi Vidakusvara, “Onlar hamımızı geri qaytarmalıdırlar ki, dünyanın hər yerindən gələn son xəbərlərə cavab verə bilək”, – deyib.

“Amerikanın Səsi”nin əməkdaşları və bəzi media orqanları Trampın bağlanmasını qanunsuz adlandıraraq məhkəməyə vermişdilər. Hüquqi proses davam edir.

 

İsrail-İran münaqişələri

 

İsrail dünən səhər tezdən İranın bir sıra şəhərlərinə, o cümlədən Tehrana hücum edərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. Ən azı 78 nəfər, o cümlədən 20 yüksək səviyyəli komandir və altı nüvə alimi həlak olub.

İran bu gün səhər tezdən ballistik raket hücumu həyata keçirib və raketlər Tel-Əvivin cənubundakı binaları vurub. İsrailin ictimai yayımı olan KAN-ın məlumatına görə, hücumlar nəticəsində 3 nəfər ölüb, 172 nəfər yaralanıb.

İranın yarı rəsmi Mehr Xəbər Agentliyinin məlumatına görə, İsrail bu gün Təbriz neft emalı zavodu yaxınlığında hücuma keçib. Həmçinin mühüm müdafiə və hərbi bazaların yerləşdiyi Lorestan, Həmədan və Kirmanşah şəhərlərini hədəf alıb. Ölən və yaralananların sayı hələlik məlum deyil.

Seçilən
5
vaxt.az

1Mənbələr