"Bu gün xalqımızın qürur duyduğu, dövlətçilik tariximizdə əvəzolunmaz yerə malik olan mühüm bir günü, 15 iyun – Milli Qurtuluş Gününü qeyd edirik. Bu gün Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmuş, dövlətçiliyimizin xilası, müstəqilliyimizin qorunması və gələcəyə inamla addımlamağımızın əsasını qoymuş şərəfli bir gündür".
Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Şahin Seyidzadə deyib.
Millət vəkili bildirib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca çətin və keşməkeşli dövr idi:
"Müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz daxili siyasi qarşıdurmalar, iqtisadi tənəzzül, idarəetmə böhranı və Ermənistanın davam edən hərbi təcavüzü ilə üz-üzə idi. Dövlət institutları iflic vəziyyətə düşmüş, vətəndaşlar arasında inamsızlıq hökm sürür, ölkə dağılmaq təhlükəsi ilə qarşı-qarşıya qalırdı.
Belə bir ağır məqamda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıtdı və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz bu tarixi hadisə ölkəmizin siyasi və ictimai həyatında sabitlik, qanunçuluq və dövlətçilik prinsiplərinin bərpa olunmasına gətirib çıxardı. Elə buna görə də bu gün Milli Qurtuluş Günü kimi tariximizə qızıl hərflərlə yazıldı".
Millət vəkilinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqla yanaşı, onu daha da möhkəmləndirdi:
"Ən əsası isə xalq və dövlət arasında sarsılmaz bir inam və birlik formalaşdı. Məhz bu birlik sayəsində bu gün Azərbaycan regionun lider dövləti kimi öz sözünü deyir, qlobal miqyasda mühüm təşəbbüslərə imza atır. Bu gün əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan bu gün öz tarixi torpaqlarını işğaldan azad etmiş, suverenliyini tam bərpa etmiş və qalib dövlətə çevrilmişdir. Bütün bu nailiyyətlərin təməlində məhz 15 iyun 1993-cü ildə atılmış qəti və müdrik addım dayanır".