AZ

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 32 illik zaman ayırır » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Artıq 5 ildir ki, xalqımız Milli Qurtuluş Gününü fərqli ovqatda, fərqli duyğularla, arzu və istəklərlə qeyd edir. Çünki möhtəşəm Zəfərimizlə bu tarixi günü əsl toy-bayram ovqatı ilə qarşılayır, o həlledici gündən ötən 32 ilin Azərbaycan dövlətinin və xalqının həyatında hansı mühüm hadisələrlə yadda qaldığını təhlil edir və ümumiləşdirilmiş şəkildə “Gözün aydın, Azərbaycan! deyirik. 30 ilə yaxın müddətdə yurd həsrəti, torpaq sevdası ilə yaşayan xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Artıq çağdaş dünya tarixinə ən mükəmməl hərbi əməliyyatlar dövrü kimi düşən 44 günlük İkinci Qarabağ savaşında qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya bir daha Azərbaycanın hansı imkanlara malik olduğuna şahidlik etdi. Müqəddəs Vətən müharibəsində Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu nümayiş etdirdi. 30 ilə yaxın düşmən tapdağı altında qalan həmin ərazilərimiz bu gün tarixi sahiblərinə qovuşduqları üçün sevinclidir, qürurludur. Mənfur düşməndən təmizlənmiş cənnət Qarabağımızda artıq yeni həyat başlayıb. Qarabağ və Şərqi Zəngəzura qayıdış davam edir. 3 beynəlxalq hava limanı istifadəyə verilib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri ilə bu torpağın sahibinin Azərbaycan xalqı olduğunu bir daha təsdiqləyir. Torpaqlarımız şəhidlərimizin qanı-canı bahasına işğaldan azad edildi. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Azərbaycan igid oğulları “Ömürdən pay olar, Vətəndən pay olmaz,” deyib “Dəmir yumruq” əməliyyatını uğurla başa çatdıraraq tarixi torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasını, Qarabağın döyünən ürəyi Şuşamızın özümüzə qayıtmasını, Cıdır düzündə 28 ildən sonra Novruz tonqallarının alovlanmasını, “Xarıbülbül” musiqi festivalının keçirilməsini, bu məkandan muğamlarımızın səslənməsini, Şuşa və digər məscidlərimizdə azan səsinin eşidilməsini, bir sözlə, illərdir səbirsizliklə gözlədiyimiz, sıralandıqca bitib tükənməyən arzularımızı gerçəkliyə çevirdilər. Azərbaycanı daim irəliyə aparan milli ruh, vətənpərvərlik hissi, torpaq, Vətən sevgisi 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən başlıca amil oldu.
Uğura gedən yol 15 iyundan başladı. Qurtuluş günümüz mübarək olsun!
Seçilən
23
1
azadmedia.az

2Mənbələr