AZ

Türkmənistan Demokratik Partiyasının sədri: Biz bir ağacın budaqları kimiyik

ŞUŞA, 15 iyun. TELEQRAF

Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Türkmənistan Demokratik Partiyasının sədri Ata Sərdarov tədbirə dəvətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür edib.

Teleqraf xəbər verir ki, o, Türkmənistanın qardaş Azərbaycanla siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əldə etdiyi uğurları böyük maraq və qürur hissi ilə izlədiyini bildirib.

Ata Sərdarov qeyd edib ki, bu marağın kökündə türkmən və azərbaycan xalqlarının ortaq tarixi, dili, dini və etnik kökləri dayanır:

“Biz bir ağacın budaqları kimiyik. Bizi birləşdirən və doğmalaşdıran çoxsaylı amillər mövcuddur. Xalqlarımızın milli irsində “Köroğlu”, “Leyli və Məcnun”, "Oğuz xan və Dədə Qorqud" kimi ortaq dəyərlər nəsildən-nəslə ötürülüb. Tariximiz və taleyimiz Xəzər dənizi ilə bağlıdır. Məhz bu dəniz vasitəsilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri qurulub. Eyni zamanda Avropa ilə Asiya arasında ən əlverişli ticarət marşrutları da Türkmənistan və Azərbaycan ərazilərindən keçir”.

Partiya sədri çıxışında müstəqil və neytral Türkmənistanın əldə etdiyi nailiyyətlərdən də bəhs edib.

O vurğulayıb ki, Türkmənistan beynəlxalq arenada sülhpərvər və etimada əsaslanan siyasəti ilə tanınır. Bu xüsusda BMT tərəfindən 1995, 2015 və 2025-ci illərdə ölkənin daimi neytrallıq statusunu tanıyan xüsusi qətnamələr qəbul olunub, 12 dekabr tarixi isə “Beynəlxalq Neytrallıq Günü” elan edilib.

Ata Sərdarov qeyd edib ki, ölkəsi ümumi daxili məhsulun illik 6 faizdən çox artımını təmin etməklə həm milli, həm də beynəlxalq layihələrin icrasında uğurlu nəticələr əldə edib: “Bu inkişafın təməlində "Dövlət- insan üçündür!" prinsipi və "Vətən yalnız xalqla Vətəndir!", Dövlət yalnız xalqla Dövlətdir!" şüarı dayanır”.

Türkmən siyasətçi çıxışının sonunda Türkmənistan ilə Azərbaycan Respublikası, eləcə də iki ölkənin hakim partiyaları arasında olan dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr