AZ

Taleyimizi dəyişən gün: 15 iyun

Milli Qurtuluş Günü yalnız bir dönüş nöqtəsi deyil, əldə etdiyimiz bütün uğurların başlanğıcıdır. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən iqtidar əhali arasında nüfuzunu gündən-günə itirir, hökumət böhranı getdikcə dərinləşirdi. Belə bir ağır və çıxılmaz şəraitdə xalqın içində ümumi bir inam formalaşmışdı – ölkəni bu fəlakətdən yalnız Heydər Əliyev xilas edə bilər. Xalq öz böyük Liderini təkidlə yenidən hakimiyyətə çağırırdı. Bu çağırışa biganə qalmayan Ulu Öndər 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu tarixi dönüş nöqtəsi Azərbaycan üçün taleyüklü bir an oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik təmin olundu, parçalanma və vətəndaş müharibəsi təhlükəsi dəf edildi, Azərbaycan tədricən inkişaf yoluna qədəm qoydu.

Ulu Öndər müstəqilliyimizin ilk illərində yaranmış vəziyyəti belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev Azərbaycanı real təhlükələrdən qurtarmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünü dayandırmaq mümkün oldu. Gələcək inkişaf üçün möhkəm təməllər yaratmağa başladı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında müstəqil Azərbaycanın tarixində mühüm hadisə baş verdi – demokratik və hüquqi dövlət quruculuğunun əsası olan yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür. Bu gün, sözün əsl mənasında, dövlətimizin və xalqımızın taleyini dəyişən tarixdir.

Ulu Öndərin ən böyük arzusu Qarabağı azad, Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inam və uzaqgörənliklə söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu - biz onlarsız yaşaya bilmərik”.

Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Doğurdan da bu gün Ümummilli Liderimizin ruhu şaddır: Azad olunmuş yurd yerlərimiz bərpa edilir, Qarabağa həyat yenidən qayıdır.
Seçilən
14
1
azvision.az

2Mənbələr