Ramiz QUSARÇAYLI
“Vətən” poemasından
...Yenə də qaynayıb daşırdı Bakı,
Böhranı bir az da dərinləşirdi.
Xalqla hakimiyyət arasındakı
İsti əlaqələr sərinləşirdi.
Dağ-dağ dağlanırdı Dağlıq Qarabağ,
Kənd-kənd, şəhər-şəhər əldən gedirdi.
Üz-üzə qalmışdı iqtidarla xalq,
Nə gedir elatdan, eldən gedirdi.
Bakıda vurnuxan siyasi başlar,
Cəbhə bölgəsində pərakəndəlik.
Qanlı göz yaşları, qara təlaşlar,
Nə Allahlıq idi, nə də bəndəlik...
Cəbhədə düşmənlə vuruşan ölkə,
İçdə oyun-oyun körüklənirdi.
Başı oyunlara qarışan ölkə
Böyük fəlakətə sürüklənirdi.
Siyasi böhranın dözülməz həddi,
Üstəlik cəbhənin boş mövqeləri...
Üzülüb gedirdi gənc bir ölkənin
Daxili, xarici əlaqələri.
Qərarsız rəhbərlik, narazı kütlə,
Gedirdi bir ölüm-dirim savaşı.
Hər naşı təhlillə, boş tərəddüdlə
Günahkar sanırdı qardaş qardaşı.
Çıxa bilmək üçün bu məngənədən,
Qıra bilmək üçün bu buxovları,
Həyəcan təbili çalınmalıydı,
Ölkəni sarsıdan bu fəlakətin
Qarşısı vaxtında alınmalıydı.
Gəncədən Bakıya qoşun gəlirdi,
Qardaş üzərinə qardaş qoşunu,
Milli qüvvələrin çaşbaş qoşunu,
Yerdə axtarırdı, göydə gəzirdi
Xalq öz xilasını, qurtuluşunu...
Qardaş qırğınından qoruyub xalqı,
Ölkənin ərazi bütövlüyünü
Müstəqilliyini saxlamaq üçün,
Xalqla iqtidarın arasındakı
Qırılan bağları bağlamaq üçün,
Vətənin dərdinə çarə bulundu –
Xalqın təkidiylə Heydər Əliyev
Bakı şəhərinə dəvət olundu.
Naxçıvanın Ali Məclis sədrini
Gətirdi Bakıya özəl təyyarə,
Axı, zərgər bilər zərin qədrini,-
Gəldi, gəlişiylə Heydər Əliyev,
Yollandı Gəncəyə ağsaqqal kimi,
Yoluna qoyuldu qarşıdurmalar,
“Xalqı bu bəladan qurtar” şüarı,
Parlaq günəş kimi doğdu Gəncəyə,
Evinə qayıtdı mülki adamlar,-
Silahlı dəstələr hərbi hissəyə.
Bakıya qayıtdı xalq xilaskarı,
Yerinə qaytardı Azərbaycanı,
Xalqda iqtidara inam yaratdı,
Ordunun içində nizam yaratdı,
Bircə həmlə ilə “Talış-Muğan”ı
Siyasi səhnədən süpürüb atdı.
Duyurdu dünyaya öz haqq səsini,
Gözündən təşvişi sildi xalqımız.
Real parçalanma təhlükəsini
Aradan qaldıra bildi xalğımız.
Ölkə yeni dövrün, yeni zamanın,
Yazdı yaddaşına təcəssümünü.
Düşdü tarixinə Azərbaycanın
On beş iyun – “Milli Qurtuluş Günü”.
Xalqın təkidiylə hakimiyyətə
Qayıdan liderin ən böyük işi
Xalqın ümidini, etimadını
Doğruldub ağ günə yetirmək idi,
Cəbhə xəttindəki uğursuzluğu
Ruh düşgünlüyünü,
inamsızlığı,
Aradan qaldırıb milli ordunun
Quruculuğunu bitirmək idi.
Hətta ölkəmizdən kənarlarda da
Hərbi xidmət keçən peşəkarları
Ölkəyə qaytarıb gətirmək idi.
Həmrəylik, sabitlik yoluydu bu yol,
Yol yolu açırdı, düyün düyünü.
Hər məram qoruyub saxlamaq idi
Ölkənin ərazi bütövlüyünü.
Sarsılmaz, əbədi Azərbaycanın
Ziyası zülməti boğacaq dedi.
İşığa bələyib bütün cahanı
Dünyaya Günəş tək doğacaq dedi.
***
Siyasət dəryadı dərindən dərin,
Qoy ruhu şad olsun ulu öndərin!