AZ

Xankəndidə 37 ildən sonra ilk “Son zəng”

Dünən Azərbaycanın bütün məktəblərində “Son zəng” səsləndi. Ölkə üzrə ümumi təhsil müəssisələrinin XI siniflərini 113 minə yaxın şagird başa vurdu. “Bu gün təkcə bir mərhələnin sonu deyil, həm də yeni həyatınızın başlanğıcıdır”. Bu cümlə elm və təhsil naziri Emin Əmrullayevin Hacıqabulda 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyində çıxışı zamanı səsləndi. Amma əslində, bu sözlər təkcə bir məktəbə deyil, o gün ölkənin hər yerində “Son zəng”lə vidalaşan 113 mindən çox şagirdin həyatına ünvanlanmışdı. O şagirdlərin ki, hər biri 11 illik bir məktəb yolunu geridə qoyur, arxasında uşaqlıq, qarşısında həyat olan bir yol ayrıcında dayanırdı.

Nazirin çıxışı sadəcə rəsmi təbrik deyildi – bu, bir müəllimin, bir dövlət təmsilçisinin, bir insanın səmimi və istiqamətverici mesajı idi. O, valideynləri təbrik etdi, çünki hər bir uşağın uğurunun ilk təməli ailədə qoyulur. O, müəllimləri təbrik etdi – çünki onlar 11 illik əziyyətin, səbir və fədakarlığın arxasındakı görünməyən qəhrəmanlardır. Və nəhayət, o, şagirdləri təbrik etdi – çünki bu gün onların həyatındakı yeni dövrün ilk səhifəsi yazılır.

Emin Əmrullayevin sözlərində bir çağırış da vardı – harada olursan ol, kim olursan ol – cəmiyyətə, vətənə, ailəyə fayda ver, yaxşılıq et. Yaxşılıq təkcə ali təhsillə, diplomla ölçülmür. Bəzən bir müəllim kimi uşağa bilik öyrətmək, bəzən bir həkim kimi insan həyatını xilas etmək, bəzən isə sadəcə cəmiyyət üçün xeyirli bir vətəndaş olmaq – bunların hamısı çox önəmlidir.

Nazir çıxışında Azərbaycanın tarixi Zəfərindən – Vətən müharibəsindəki qələbədən də danışdı. Bildirdi ki, bu il həmin qələbənin 5 illiyi qeyd olunur. Həmin Zəfərin nəticəsi olaraq bu gün Qarabağda məktəblər açılır, universitet fəaliyyətə başlayır, insanlar doğma torpaqlarına qayıdır. Bu torpaqlarda səslənən “Son zəng” – təkcə bir təhsil mərhələsinin deyil, həm də bir xalqın mübarizə və qayıdış tarixinin davamıdır.

Bəlkə də sabah bu günün məzunları Qarabağda, Zəngəzurda, Laçında, Şuşada, Cəbrayılda bir mühəndis, bir müəllim, bir həkim kimi xidmət edəcəklər. Bəlkə də bu gün səslənən “Son zəng”, sabah Böyük Qayıdışın mütəxəssislərini oyadacaq.

Dünən respublikamızın hər yerində olduğu kimi Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib. 2024–2025-ci tədris ilində Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 min 13, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən isə 58 şagird məzun olub.

Bu tədris ilində 7 min 838 şagird birinci sinfi bitirib, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6 min173 uşaq təhsil alıb. Bölgədə “Son zəng” böyük ruh yüksəkliyi ilə keçirilib. Lakin Xankəndidə çalınan “Son zəng”in mənası başqaydı – o, təkcə məzuniyyət deyildi, həm də 37 illik fasilədən sonra azadlıqla, təhsil hüququ ilə, doğma məktəblə görüşün ilk səsləri idi. Həm də tarixə düşən bir oyanış idi – həm fərdi talelərin, həm də milli yaddaşın yeni səhifəsi.

İllərlə səssiz qalan məktəb həyətlərində bu dəfə uşaqların gülüşü, sevinc qarışıq kədəri və qürurlu zəng sədası eşidildi. Bu zəng artıq təkcə dərs bitişinin yox, bir xalqın işğaldan azad etdiyi torpaqlarda həyatın yenidən başladığının simvoluna çevrildi.

Bu il Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli məktəbi 14 şagird bitirdi. Az görünə bilər. Amma bu 14 məzun – 14 alovlu ümid, gələcəyə atılan 14 inamlı addım idi. Hər biri Qarabağın bərpasında, Azərbaycanın gələcəyində söz sahibi olacaq bir nəslin nümayəndəsidir.

Tədbir zamanı o yerlərin insanları – zamanında öz “Son zəng”ini eşidə bilməyən 1988-ci il məzunları da ilk dəfə olaraq məsum xatirələrinə qovuşdular. Onların gecikmiş “Son zəng”i bu dəfə həm göz yaşlarıyla, həm də sevinclə səsləndi. Bu, yarımçıq qalan uşaqlığın, bölünmüş xatirələrin tamamlanması idi.

Məktəbin həyətindəki çıxışlar, oxunan şeirlər, səslənən musiqilər, göyə buraxılan şarlar və yazılmış arzular – hamısı yalnız bir günü deyil, bütöv bir dövrü ifadə edirdi. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanovun sözləri də bu ruha uyğun səsləndi: Azərbaycan dövləti təhsilə, gəncliyə, gələcəyə inanır və bu inamın meyvəsi bu gün Qarabağda boy verir.

“Son zəng” – məktəb illərinin bitişini xəbər verən bir səs kimi eşidilsə də, əslində o, ömür boyu susmayan bir yaddaşdır. O, insanın içindəki uşaqlığın son çağırışı, ilk arzuların yenidən canlandığı ani musiqidir. Və Xankəndidə çalınan bu zəng – həm bir şəhərin, həm bir xalqın uzun yuxudan oyanışının səsi idi.

İndi bu zəng səsi – 37 il öncə qırılmış arzuların, bölünmüş xatirələrin, susmuş məktəb zənglərinin əvəzidir. O, həm də gələcək nəsillərin artıq öz torpaqlarında, öz məktəblərində böyüyəcəyinə olan zəmanətdir. Çünki “Son zəng” – nə son, nə də sadəcə zəngdir. O, həm vidanın, həm qayıdışın, həm də başlanğıcın səsidir

Şuşa və Cəbrayılda “Son zəng” şənlikləri

“Son Zəng” həm də Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin məzunu olan 8 şagirdinin, həm də Cəbrayıldaı Mehdi Mehdizadə adına tam orta məktəbin 5 məzunu həyatlarında dönüş nöqtəsi oldu. Bu “Son zəng” Şuşada 34 ildən sonra səsləndi. Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin 8 məzunu üçün bu zəng təkcə uşaqlıqla vida deyil, həm də tarixlə barış, zəfərlə qurulan sabahın səsi idi. Tədbirdə Şuşa şəhəri üzrə xüsusi nümayəndə Aydın Kərimov, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev, Qarabağ Regional Təhsil idarəsinin rəhbəri Sənan Mənsimli və digər rəsmi şəxslər iştirak edərək məzunlara uğurlar arzulayıblar.

Cəbrayılda isə 32 il sonra ilk “Son zəng” çalındı. Mehdi Mehdizadə adına tam orta məktəbin 5 məzunu həyatlarının yeni mərhələsinə qədəm qoydu. Bu, sadəcə bir tədbir deyil, zamanın və məğrurluğun təntənəsi idi. Onlar üçün “Son zəng” məktəb həyatının rəsmi sonu, lakin emosional baxımdan yeni başlanğıcın ilk notları olub, həm ayrılıq, həm qayıdış, həm də gələcəyə atılan cəsur addım idi.

Sonunda onu da xatırladaq ki, dünən, həmçinin 158 min 539 nəfər IX sinfi, 134 min 600 nəfər isə birinci sinfi bitirib. 2024–2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 min 732 uşaq təhsil alıb. Tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 704 min 065 nəfər təşkil edib.

PÜNHAN
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr