AZ

BVF ölkəmizdə davamlı inkişaf və əsaslı islahatları fəal dəstəkləyir

Maliyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycan və Beynəlxalq Valyuta Fondu (BVF) arasında əməkdaşlıq prioritetləri və islahatlar gündəliyi müzakirə edilib. Maliyyə naziri Sahil Babayev ilə BVF-də ölkəmizin daxil olduğu seçki qrupu üzrə icraçı direktoru Patrik Loşevski arasında virtual formatda görüş keçirilib.

Söhbət zamanı respublikamızla bu beynəlxalq maliyyə qurumu arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu münasibətlərin daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.

Qeyd edək ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər, enerji bazarındakı yeniliklər, iqlim dəyişikliyi və texnoloji tərəqqi ölkələrin inkişaf strategiyalarına yenidən baxmasını zəruri edir. Azərbaycan da bu qlobal çağırışlara çevik cavab verməklə dayanıqlı iqtisadi inkişaf modelini formalaşdırmağa çalışır. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi və özəl sektorun gücləndirilməsi ölkənin başlıca prioritetlərindəndir. Bu məqsədlərə çatmaq üçün beynəlxalq təşkilatlarla, xüsusən də BVF ilə sıx əməkdaşlıq mühüm önəm daşıyır.

Azərbaycanda son illərdə neft amilindən asılılığı azaltmaq üçün geniş iqtisadi islahatlar paketi həyata keçirilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması əsas hədəf kimi müəyyənləşdirilib. Bu istiqamətdə aparılan islahatlar nəticəsində kənd təsərrüfatı, sənaye, turizm və informasiya texnologiyaları sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub.

Səmərəli və şəffaf dövlət idarəçiliyi iqtisadi inkişafın mühüm dayaqlarından biridir. Son illərdə respublikamızda rəqəmsal hökumət xidmətlərinin genişləndirilməsi, büdcə idarəetməsində şəffaflığın artırılması və dövlət müəssisələrinin idarə olunmasında səmərəliliyin yüksəldilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu islahatlar dövlət vəsaitlərinin daha rasional istifadəsinə, investisiya mühitinin yaxşılaşdırılmasına və vətəndaş məmnunluğunun artmasına xidmət edir.

Ölkədə sahibkarlığın inkişafı və özəl sektorun iqtisadiyyatda rolunun artırılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə kiçik və orta sahibkarlığın dəstəklənməsi, vergi yükünün azaldılması və investisiya təşviqləri sayəsində bu sahədə canlanma müşahidə olunur. Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, alternativ maliyyə vasitələrinin tətbiqi və bank-maliyyə sistemində aparılan islahatlar da bu prosesi sürətləndirir.

Azərbaycanın BVF ilə əməkdaşlığı 1992-ci ildən etibarən inkişaf etməkdədir. Bu çərçivədə adıçəkilən fond ölkəmizə müxtəlif dövrlərdə texniki yardım göstərib, makroiqtisadi sabitliyin qorunması, struktur islahatlarının dərinləşdirilməsi və fiskal siyasətin təkmilləşdirilməsi istiqamətində tövsiyələr verib. Bundan başqa BVF nümayəndə heyətləri ilə keçirilən illik məsləhətləşmələr çərçivəsində Azərbaycan iqtisadiyyatının cari vəziyyəti və perspektivləri müzakirə olunub, gələcək islahatlara dair dialoq aparılıb.

BVF-in Azərbaycanla əməkdaşlığında şəffaflıq, hesabatlılıq və fiskal dayanıqlılıq prinsipləri ön planda saxlanılır. Fond ölkəmizin maliyyə sisteminin möhkəmləndirilməsi, dövlət müəssisələrinin səmərəliliyinin artırılması və dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi sahəsində tövsiyələr təqdim edir. Bu tövsiyələr, eyni zamanda, investorlar üçün daha sabit və proqnozlaşdırıla bilən iqtisadi mühitin formalaşmasına şərait yaradır.

Azərbaycan iqtisadiyyatının mövcud transformasiya mərhələsi kompleks və çoxşaxəli islahatlarla müşayiət olunur. BVF ilə əməkdaşlıq bu prosesdə beynəlxalq təcrübənin tətbiqini gerçəkləşdirir. İqtisadiyyatın şaxələndirilməsi, “yaşıl” inkişaf, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi ölkənin orta və uzunmüddətli inkişafının təminatçısı kimi çıxış edir. Bu yanaşmalar Azərbaycana dayanıqlı və inklüziv iqtisadi model qurmaq imkanı verir.

Azərbaycanın BVF ilə əməkdaşlığı ölkənin iqtisadi siyasətində beynəlxalq standartlara uyğunlaşma, fiskal intizam və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır. Davamlı islahatlar, innovasiya əsaslı inkişaf modeli və səmərəli idarəetmə yanaşmaları ölkəmizin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, regional və qlobal iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirir. Bu prosesdə beynəlxalq tərəfdaşlarla, xüsusilə də BVF ilə əməkdaşlıq, Azərbaycanın strateji hədəflərinə çatmasında etibarlı dəstək olaraq qalır.

M.YAQUBZADƏ
XQ

Seçilən
4
1
xalqqazeti.az

2Mənbələr