AZ

Çimərlik mövsümü başladı - bu çimərliklər pulsuzdur - SİYAHI

BAKI, 15 iyun. TELEQRAF

Azərbaycanda yeni çimərlik mövsümü başlayıb.

Teleqraf-ın xəbərinə görə, iyunun 15-dən Xəzər dənizinin sahilində yerləşən pulsuz və ödənişli çimərliklərə girişə icazə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və bu məkanlar çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.

Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, futbol və voleybol meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Ümumilikdə, Abşeron yarımadasında yerləşən çimərliklər müxtəlif kateqoriyalara bölünür: ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində olan çimərliklər və boş sahələr. Bu çimərliklərin hər biri mövsüm öncəsi hazırlıq işlərinə aprel və may aylarından başlayır. Xüsusən özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazi abadlaşdırılır, sakinlərin və qonaqların rahatlığı üçün şərait yaradılır. Bu işlərin təşkili və icrasına çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul nümayəndələr və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunurlar. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi olaraq yoxlamalar həyata keçirilir.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ümumilikdə 75 çimərliyə nəzarət edir.

Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılıb, xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib.

Çimərlik mövsümü sentyabrın 15-də başa çatacaq.

Seçilən
18
teleqraf.com

1Mənbələr