ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrandakı nüvə obyektinə zərbə endirmək imkanını müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə israilli jurnalist Barak Ravid yazıb.
Qeyd olunur ki, Tramp Fordodakı nüvə obyektinə zərbə endirmək imkanını nəzərdən keçirir. Ravidin sözlərinə görə, ABŞ prezidenti belə bir hücumla Tehranın nüvə silahı yaratmasının qarşısını almaq istəyir.
İsrail rəsmiləri jurnalistlərə bildiriblər ki, Tramp son bir neçə həftə ərzində etdikləri telefon danışıqlarında bu təklifi Netanyahuya çatdırıb.
Eyni zamanda, Ağ Ev ABŞ-ın İrana zərbə endirmək istədiyini inkar edir.
Bildirilir ki, Fordodakı nüvə obyekti İsrailin son hücumlarından məhdud dərəcədə ziyan görüb.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.