AZ

Azərbaycanlı diplomat BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini təyin edilib

Qahirə, 15 iyun, AZƏRTAC

BMT-nin azərbaycanlı rəsmisi Ramiz Ələkbərov təşkilatın Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatorunun müavini və rezident əlaqələndiricisi, həmçinin BMT-nin humanitar koordinatoru vəzifəsinə təyin edilib.

AZƏRTAC KUNA agentliyinə istinadla bildirir ki, BMT Baş Katibi Antonio Quterreşin bu təyinatı barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, R.Ələkbərov bu vəzifədə iordaniyalı Muhannad Hadini əvəz edib. R.Ələkbərov icraçı liderlik, strateji planlaşdırma və siyasətin müəyyən edilməsi, inkişaf proqramlaşdırması və idarəsi, humanitar reaksiya sahəsində 30 ildən çox geniş beynəlxalq təcrübəyə malikdir. O, 2023-cü ildən Efiopiyada BMT-nin rezident və humanitar əlaqələndiricisi kimi fəaliyyət göstərib. Bundan əvvəl o, Əfqanıstana Yardım Missiyasında (UNAMA) BMT Baş Katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini, eyni zamanda, BMT-nin rezident və humanitar əlaqələndiricisi kimi fəaliyyət göstərib.

Bundan başqa, R.Ələkbərov BMT-nin Əhali Fondunun Ərəb Dövlətləri üzrə Regional Bürosunun regional direktorunun müavini (2014–2015) və Cənubi Sudandakı Ofisinin rəhbəri (2010) vəzifələrində çalışıb. R.Ələkbərov 2020-ci ilin fevral ayından iyul ayına qədər BMT-nin Əhali Fondunda (UNFPA) idarəetmə üzrə icraçı direktorun müavini və Baş katibin köməkçisi vəzifələrində çalışıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
38
2
azertag.az

3Mənbələr