AZ

KİV: İran obyektlərinə zərbələr onun nüvə proqramı üzərində nəzarəti çətinləşdirəcək

İsrailin hava zərbələri İranın nüvə proqramına ziyan vurub. Lakin çətin ki, onu tamamilə aradan qaldırsın. Eyni zamanda bu, ölkənin nüvə proqramına beynəlxalq nəzarəti çətinləşdirə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin BMT Təhlükəsizlik Şurasının iclasında verdiyi məlumata görə, Natanzdakı uranın zənginləşdirilməsi zavodunun yerüstü hissəsi zədələnib. Bununla belə, zənginləşdirmənin gerçəkləşdiyi yeraltı zallar zədələnməyib. Bununla yanaşı, İsrail digər ərazilərə - İsfahan və Fordoya da hücum edib.

Nəşrin məlumatına görə, İsfahana hücum xüsusilə əhəmiyyətlidir. Çünki bu, İranın uranı sentrifuqa xammalına çevirmək üçün yeganə obyektidir. Bu infrastrukturun itirilməsi yeni zənginləşdirilmiş uranın istehsalını dondura, İranın nüvə potensialını genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.

Mütəxəssislər həmçinin qeyd edirlər ki, doqquz aparıcı nüvə aliminin öldürülməsi də daxil olmaqla silsilə hücumlar proqramı əvvəlki səviyyəyə qaytarmağı çətinləşdirə bilər. Eyni zamanda, hücum İranın nüvə inkişaflarını dayandırmasa da, beynəlxalq müfəttişlər tərəfindən onların izlənilməsini çətinləşdirə bilər. Bəzi analitiklərin fikrincə, zənginləşdirilmiş uranın bir hissəsinin gizlədilməsi və məxfi proqramlarda istifadə oluna bilməsi riski var.

Analitiklər, həmçinin xəbərdarlıq edirlər ki, eskalasiya AEBA ekspertlərinin obyektlərə girişini məhdudlaşdırılmasına və diplomatik danışıqların pozulmasına gətirib çıxara bilər. ABŞ-İran danışıqlarının növbəti sessiyası bazar günü başlamalı idi, lakin onun keçirilməsi indi şübhə altındadır.

Seçilən
32
1
report.az

2Mənbələr