AZ

Milli Qurtuluş Günü gerçək müstəqilliyimizin başlanğıcı oldu

(əvvəli ötən sayımızda)

Dinamik inkişaf edən, modernləşən dövlət

15 iyun 1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir yazıda tam əhatə etmək mümkün deyil. Gerçək olan budur ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan yenidən quruldu. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.

Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişafın təkmil modelini dünyaya təqlim edir. Son 22 ildə bu modelə edilən əlavələr və yeniliklər ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasında əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin Ulu öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir. Çünki mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu öndərin siyasətinə sadiq qalacağam” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, o əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, doğrudan da tarixi uğurlara imza atdıq.

Möhtərəm Prezidentimiz daim bu çağırışı da edir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament, baza, imkan yaratdı ki, əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik, zamanı qabaqlamalıyıq.

Azərbaycan bütün işləri ardıcıllıqla həyata keçirir. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş Azərbaycandır. Sözsüz ki, belə qüdrətli, suveren, ərazi bütövlüyünü təmin edən ölkəyə çevrilmək üçün 27 illik yol getdik. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi Zəfərə imza atdı. Bu Zəfər növbəti zəfərlərin davamlılığını təmin etdi. Belə ki, 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi.

Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciətində məhz bu inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları cənab İlham Əliyev həyata keçirəcək. Dahi şəxsiyyət bu müraciəti ilə Heydər Əliyev yolunun davamlılığı fonunda Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasına yol açdı. Bu arzuya cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından Şuşanı nazad edilməsi müjdəsini xalqa çatdırarkən söylədi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Azad Qarabağ və Şərqi Zəngəzur gerçək cənnətə çevrilir

Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bu torpaqlar cənnət məkana çevrilir. Böyük Qayıdış Proqramının birinci mərhələsi uğurla davam edir. Ölçüyəgəlməz bərpa-quruculuq işləri soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışı ilə tamamlanır. Dövlət başçısı İlham Əliyevin 30 may 2025-ci il tarixli “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” sərəncamı Böyük Qayıdışın davamlılığının təmin edilməsinə xidmət edir.

Sənəddə də qeyd olunduğu kimi, işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib. Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.

Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə imzalanan sərəncam növbəti mərhələdə soydaşlarımızın qayıdış ünvanlarının sayının artmasını da təmin edəcək. Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək. Azad edilmiş torpaqlar sevincli günlərini yaşayır.

Bu gün qürurla qeyd etdiyimiz məqamlardan biri də paytaxt Bakı ilə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasıdır. Bu ərazilərdən dünyaya ünvanlanan çağırışlar Azərbaycanın birlik, həmrəylik, əməkdaşlıq tərəfdarı olduğunu bir daha nümayiş etdirir. Azərbaycan–Türkiyə qardaşlığana Qarabağın tacı Şuşa, Azərbaycan–Türkiyə–Pakistan birliyinə isə Laçın, Şərqi Zəngəzur şahidlik etdi.

Təbii ki, uğurlarımızda Heydər Əliyev Fondunun da rolu böyük, payı əvəzolunmazdır. 2004-cü ildə yaradılan Heydər Əliyev Fondu Ümummilli liderin fəaliyyətinin, dövlətimiz, xalqımız qarşısında əvəzolunmaz xidmətlərinin fəal təbliğatçısıdır. Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, biri-birindən mühüm layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınan və nüfuz qazanan fondun Azərbaycan reallıqlarının təbliğinə verdiyi davamlı töhfələr təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Azərbaycan bütün sahələrdə uğurlu inkişafına öz töhfəsini verir.

Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Milli Qurtuluş Günündən başlanan yol Azərbaycanı yeni-yeni hədəflərə nail olmasını təmin etməklə beynəlxalq münasibətlər sistemində söz sahibliyini möhkəmləndirir, tarixi ədalətin bərpası fonunda yeni çağırışlara istiqamətləndirir. Bu yol xalqımızı Qərbi Azərbaycana da qovuşduracaq. Tezilklə dövlət başçısı İlham Əliyev bu müjdəni də xalqımıza çatdıracaq.

Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, qurtuluş Azərbaycanın bugünkü reallıqları və onların əsasında müəyyənləşdirilən hədəflərimizin təqdimatıdır. Xalqımız tam əmindir ki, qalib, bütövləşən Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində yeni-yeni zəfərlər qazanacaq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyəcək. Ölkəmizi tarixi Zəfərə qovuşduran Milli Qurtuluş Günü münasibətilə qalib Azərbaycan xalqını təbrik edirəm.

Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı

Seçilən
19
xalqqazeti.az

1Mənbələr