AZ

Separatçılığa dəstək, sülhə təzyiq

İndiana senatının bədnam qətnaməsi böhtan kampaniyasının saxtakarlıq aktıdır

Dünyanın müxtəlif yerlərində yaşayıb fəaliyyət göstərən erməni diaspor təşkilatları və lobbisi Ermənistanın Azərbaycanla sülh əldə etməsinə mane olmaqdan əl çəkmək istəmir. ABŞ-dakı ermənilər hər zaman olduğu kimi, indi də bu məsələdə daha çox fəallıq göstərirlər. Onlar Amerika Erməniləri Milli Komitəsi (ANCA) adlanan təşkilatda birləşərək hər vəchlə ənənəvi pozuculuq əməllərini davam etdirməyə çalışırlar. Bugünlərdə ABŞ-ın İndiana ştatı senatının qəbil etdiyi qətnaməyə də bu kontekstdə yanaşmaq lazımdır. Təsadüfi deyil ki, “Armenian Weekly” bununla bağlı ANCA-nın şərq regional bölməsinə istinadən xəbər yayıb.

Qərəzli olduğu hər cümləsindən aydın görünən kağız parçasında yenə də eyni şüarlar, eyni çağırışlar yer alıb. Yenə də “Artsax”da hansısa “etnik təmizləmə”dən bəhs edilib. Olmayan “etnik təmizləmə”yə görə məsuliyyət (?) Azərbaycanın üzərinə qoyulub. Ştatın senatoru Endi Zeyin təşəbbüsü ilə irəli sürülmüş qətnamədə Azərbaycana qarşı digər böhtanlara da yol verilib. Bildirilib ki, “Artsaxda” erməni xristianların təqibi (?) həyata keçirilib. Qətnamədə ABŞ Konqresində İndiana ştatını təmsil edən nümayəndə heyəti “Azadlığa dəstək aktı”nın 907-ci maddəsinə əsasən hərbi yardım qadağasını tətbiq etməklə Azərbaycana dəstəyi dayandırmağa çağrılıb.

Təbii ki, Azərbaycanın suveren ərazilərində bir sıra ağır cinayət əməlləri törətməkdə təqsirləndirilən şəxslərin Bakı Hərbi Məhkəməsində mühakimə olunmaları da qətnamədə yaddan çıxmayıb. 23 nəfərin “qeyri-qanuni saxlanıldığı” iddia olunur, onlar “hərbi əsir və siyasi məhbus” adlandırılır, ABŞ-ın qanunverici və icraedici hakimiyyətindən onların dərhal və qeyd-şərtsiz azad edilməsinə nail olmaq tələb edilib. Eyni zamanda, “Artsax” ermənilərinin “təhlükəsiz və zəmanətli müdafiə şəraitində öz evlərinə qayıtmaq kimi fundamental hüququ” təsdiqlənib. Senator Zey bir qədər də irəli gedərək xristian təəssübkeşliyindən çıxış edib və “Artsaxın xristian erməni əhalisinin zorla qovulduğu” kimi ağır ittihamlar səsləndirib.

Qətnamədə Azərbaycanın, guya, “erməni mədəni irsinə qarşı sistemli şəkildə hücum etdiyi” iddia olunur ki, bu da tamamilə əsassız və təhrif olunmuş məlumatlara söykənir. Bu kimi sənədlərin qəbulu Ermənistanla Azərbaycan arasında yaranmış müsbət dinamikanı pozmağa yönəlmiş məqsədli addımlardır. ANCA və onun müttəfiqləri bu yolla ABŞ ictimaiyyətində yanlış təsəvvür formalaşdırmağa, diplomatik balansı Ermənistanın xeyrinə dəyişməyə çalışırlar. Halbuki, gerçəklik tam əksini göstərir. Azərbaycan bölgədə dayanıqlı sülh və əməkdaşlıq naminə konkret addımlar atır. Ermənistan isə bu cür təşviqat alətləri vasitəsilə məsuliyyətdən yayınmağa və status-kvonu saxlamağa çalışır. ABŞ kimi nüfuzlu ölkənin bəzi dairələrinin bu manipulyativ fəaliyyətlərə alət olması isə regionda sabitliyə xidmət etmir.

Bu qətnamə bir daha sübut edir ki, erməni lobbisinin dezinformasiyaya əsaslanan fəaliyyəti hələ də bəzi Qərb dairələrini təsiri altında saxlamaqdadır. “Etnik təmizləmə” kimi ağır ittihamların əsassız şəkildə Azərbaycanın üzərinə qoyulması beynəlxalq hüquq və obyektivlik prinsipinə tamamilə ziddir. Halbuki, 2023-cü ilin payızında Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra bölgəni könüllü tərk edən ermənilər bu qərarı Ermənistan rəhbərliyinin təxribatçı ritorikasının nəticəsi olaraq qəbul ediblər. Azərbaycanın bölgədə yaşayan ermənilərə qarşı nə dini, nə də etnik zəmində ayrı-seçkilik etdiyinə dair beynəlxalq təşkilatlar da hər hansı təsdiqedici fakt ortaya qoymayıb. Senator Endi Zeyin bu təşəbbüsü isə açıq şəkildə erməni diaspor təşkilatlarının təsiri altında atılmış, birtərəfli və qərəzli bir addımdır. Qətnamədəki digər böhtanlar da sübut edir ki, məqsəd reallığı əks etdirmək yox, ictimai rəy yaratmaqdır. Azərbaycanın, guya, xristianlara qarşı təzyiq göstərməsi iddiası isə dini zəmində qarşıdurma görüntüsü yaradaraq sülh prosesini gözdən salmağa xidmət edir. 907-ci düzəlişə istinadla Bakıya qarşı təzyiqlərin artırılması çağırışı isə ABŞ-ın regiondakı neytrallıq prinsipinə kölgə salır və destruktiv siyasətin təbliğinə səbəb olur.

Qətnamədə Azərbaycanın qanun çərçivəsində həyata keçirdiyi hüquqi proseslərin “qeyri-qanuni saxlanma” kimi təqdim olunması beynəlxalq hüququn əsas prinsiplərinə və dövlətlərin suverenliyinə hörmətsizlikdir. Azərbaycan məhkəmələrinin mühakimə etdiyi şəxslər hərbi əsir deyil, ölkə ərazisində terror və digər cinayət əməlləri törətməkdə təqsirləndirilmələrinə görə məsuliyyətə cəlb olunan fərdlərdir. Onların “siyasi məhbus” kimi təqdim olunması isə məsələnin mahiyyətindən tam uzaq, məqsədli təhrifdir. ABŞ-ın qanunverici və icraedici hakimiyyətindən bu şəxslərin dərhal azad olunmasını tələb etmək hüquqi deyil, siyasi motivli çağırışdır. Bu, bir tərəfdən də Azərbaycan məhkəmələrinin legitimliyinə kölgə salmağa, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa hesablanıb. Digər tərəfdən, “Artsax” ermənilərinin, guya, “fundamental qayıdış hüququ”na istinad edilməsi, münaqişənin artıq bitdiyini və Azərbaycan ərazilərində hər hansı separatçı rejimin mövcud olmadığını bilərəkdən nəzərdən qaçırır.

Senator Zeyin məsələni dini müstəviyə çəkməsi isə xüsusilə təhlükəlidir. Bu, bölgədə etnik və dini qarşıdurmaları alovlandırmaq niyyəti güdən manipulyativ yanaşmadır. Azərbaycan hər zaman ölkə daxilində bütün dinlərə və etnik qruplara tolerant münasibət sərgiləyib, bu istiqamətdə beynəlxalq nümunə hesab olunur. “Xristian ermənilərin zorla qovulması” iddiası isə tarixi reallıqlara, sənədlərə və faktlara söykənməyən populist ritorikadır. Belə qətnamələr, əslində, regionda sülh və sabitlik istəyən tərəflərin deyil, qarşıdurmadan bəhrələnən dairələrin maraqlarına xidmət edir.

Ümumiyyətlə, belə qətnamələr, reallıqdan uzaq siyasi manipulyasiyaların və birtərəfli təsir cəhdlərinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında sülh prosesi məhz bu cür xarici müdaxilələr və diaspor təşkilatlarının pozucu fəaliyyətləri səbəbindən ləngiyir. Azərbaycan isə beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə sülhə sadiq qalmaqda davam edir. ABŞ daxilində sağlam düşüncəli dairələrin bu cür təxribatçı sənədlərə qarşı qəti mövqe sərgiləməsi regional sabitliyin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Ramiyə MƏMMƏDOVA,
politoloq

– Bu qətnamə birbaşa erməni diaspor və lobbisinin səylərinin nəticəsi kimi ortaya çıxıb. Orada əksini tapan fikirlər başdan-ayağa şər və böhtandan ibarətdir. Mühakimə olunan şəxslər uzun illər Azərbaycanın suveren ərazilərində separatçı rejim qurub ona rəhbərlik ediblər. Bu gün onların mühakimə edilmələri tam qanunidir.

Fikir versək görərik ki, qətnamədə əksini tapan fikirlər son illərdə Ermənistan hökuməti tərəfindən dilə gətirilmir. Amma ANCA üçün hələ də aktualdır. Çünki onlar bu işdən böyük qazanc əldə edirlər. Təşkilat Amerikadakı imkanlı erməniləri bu kimi məsələlər üçün pul ayırmağa təşviq edir. Sonra isə ştatların qanunverici orqanlarında belə qətnamələr qəbul etdirməklə işini bitmiş sayır. Amma bu əsassız iddiaların və qətnamələrin heç bir faydası olmayacaq.

H.SƏXAVƏT
XQ

Seçilən
36
1
xalqqazeti.az

2Mənbələr